"Bu gün bizim münasibətlərimizin tarixində çox əlamətdar gündür. Qazaxıstan Prezidentinin Azərbaycana rəsmi səfəri ikitərəfli münasibətlərdə böyük hadisədir. Səfər çox uğurlu, səmərəli olub, yaxşı nəticələr verib. Mən böyük məmnuniyyətlə elan edirəm ki, bu gün Nursultan Abişeviç Nazarbayevin "Heydər Əliyev ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin Sərəncamı imzalanıb".
Unikal.org-un məlumatına görə, bu barədə prezident İlham Əliyev Qazaxıstan prezidenti Nursultan Nazarbayevə "Heydər Əliyev ordeninin təqdim edilməsi mərasimində söyləyib.
"Heydər Əliyev ordeni Azərbaycan dövlətinin ali mükafatıdır və mənə çox xoşdur ki, bu gün həmin mükafatı Heydər Əliyevin böyük dostu və Azərbaycan xalqının, Azərbaycanın dostu Nursultan Abişeviç Nazarbayevə təqdim edirəm. Bu gün - Qazaxıstanın müstəqilliyinin elan edilməsindən 25 il sonra qüdrətli dövlət çox məsələləri həll edir, uğurla inkişaf edir, irəliləyir. Buna görə də Heydər Əliyevin adını daşıyan ordenin sizə təqdim edilməsi ədalətli qərardır və bir daha demək istəyirəm ki, bu qərar rəmzi məna daşıyır. Sizin rəhbərliyinizlə Qazaxıstan dünyada böyük nüfuz sahibi olan güclü dövlətə çevrilib. Ölkənizin BMT Təhlükəsizlik Şurasına üzv seçilməsi bunun ən yaxşı göstəricisidir. Siz regional məsələlərdə çox böyük rol oynayırsınız, çoxsaylı uğurlu layihələr barədə təşəbbüs irəli sürürsünüz, həmçinin istər bizim regionda, istərsə də bütün planetdə sülhün möhkəmləndirilməsi işinə böyük töhfə verirsiniz. Suriyada sülhün möhkəmləndirilməsi və risklərin azaldılması üçün sizin sülhyaratma səyləriniz dünya birliyi tərəfindən çox yüksək qiymətləndirilir. Siz uzun illər boyu sanki həlli mümkün olmayan məsələləri həll etməyə nail olmusunuz. Azərbaycan xalqı sizi xüsusən bizim iştirak etmədiyimiz təşkilatlarda Azərbaycanın dəstəklənməsi üzrə fəaliyyətinizə görə yüksək qiymətləndirir, deyə prezident İlham Əliyev bildirib.