Rusiyanın Yekaterinburq şəhərində tanınmış meyxanaçı qardaşlar - İntiqam və Ehtiram Rüstəmovların da iştirak etdiyi məclisə qara maskalılar tərəfindən basqın edildiyi barədə xəbər vermişdik.
Unikal.org xəbər verir ki, məsələ ilə bağlı Lent.az-ın əməkdaşı meyxanaçı İntiqam Rüstəmovla əlaqə saxlayıb. O, hadisənin təfərrütını danışıb: "Elə biz meyxananı oxuyan yerdə maskalı şəxslər içəri girdi. Bizi saxladılar, amma tanınmış olduğumuzu biləndən sonra  buraxdılar. Hətta maskalarını çıxarıb, bizimlə şəkil çəkdirdilər. Bizdən başqa  meyxanaçı Nicat Mənalı da orada idi. Hadisə idi, oldu. Bizə heç nə etməyiblər. Sadəcə bizi çağırdılar, çəkdilər qırağa, tanıyandan sonra isə bizi buraxdılar. Onu da deyim ki, bizdən üzr də istədilər. Rusiyada böyümüş adamam. Bu cür hadisələr mənə pis təsir etmir. Adi haldır. Orada atışma olmayıb. Sadəcə  kimsə nəsə etmişdi. Mən bilmirəm, nə məsələ idi. Çünki maraqlanmadım. Maskalı şəxslər gedəndən sonra məclis yenə də davam etdi".
Qeyd edək ki, hadisə barədə Rusiyanın xəbər agentlikləri də məlumat yayıb. Məlumatlarda polisin kriminal avtoritetlərin yığıncağına müdaxilə etdiyi iddia olunur. Xüsusi əməliyyata Federal Təhlükəsizik Xidmətinin əməkdaşları da cəlb edilib. Rusiya Daxili İşlər Nazirliyinin regional idarəsindən bildiriblər ki, əməliyyat zamanı hadisə yerində narkotikə oxşayan maddə, habelə bıçaq və dəyənək aşkarlanıb.
Yerli mətbuatın xəbərinə görə, şəhərin Kosmonavtlar küçəsi, 134 ünvanında yerləşən "Qulyaki" kafesində kriminal "sxodka" keçirilirmiş. İddia olunur ki, tanımış azərbaycanlı kriminal avtoritet Rövşən Lənkəranski Ural regionuna "nəzarətçi" kimi öz adamını - Ağayev Ağayar Hüseyn oğlunu qoymaq istəyib. Kafedə həm bu münasibətlə, həm də Ağayar Ağayevin ad günü ilə əlaqədar mərasim təşkil olunub.
Mərasimə regionun kriminal avtoritetlərinin toplaşdığı bildirilir və bu sırada Perveuralskdan gəlmiş Əli adlı "qanuni oğru", Vaqif (Kamışlovo), "Yuqra Cavanşir" və digər avtoritetlərin adı çəkilir. A. Ağayev ad gününü təntənəli keçirmək üçün Bakıdan da qonaqlar dəvət edib. Ehtiram və İntiqam Rüstəmov qardaşlarından başqa, Aqşin, Nicat Mənalı kimi meyxanaçılar, habelə "Oqni Baku" qrupu da dəvətli olub.