31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar Sumqayıt Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində elmi-nəzəri konfrans keçirilib.
Unikal.org-a verilən məlumata görə, Konfransda Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, millət vəkilləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Azərbaycanlıların Soyqırımı qurbanlarının və torpaqlarımızın bütövlüyü uğrunda şəhid olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra soyqırımı ilə bağlı video-xronika nümayiş etdirilib.
Konfransda "Ermənilərin tarixi Azərbaycan torpaqlarına ərazi iddiaları və azərbaycanlılara qarşı soyqırım siyasətinin tarixi aspektləri", "Ulu öndərimiz Heydər Əliyevin "Azərbaycanlıların Soyqırımı haqqında " 26 mart 1998-ci il tarixli Fərmanının tarixi mahiyyəti haqqında", "31 Mart 1918-ci il soyqırımı: Bakıda törədilən qırğınlar", "1918-ci ildə ermənilər tərəfindən Azərbaycanın bölgələrində törədilən qırğınlar", "31 mart 1918-ci il soyqırımının davamı- 1948-1953-cü illərdə Qərbi Azərbaycandan azərbaycanlıların deportasiyası", "Dağlıq Qarabağ Böyük Ermənistan xülyası konteksində" mövzularında məruzələr dinlənilib.