Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Polşaya rəsmi səfəri çərçivəsində polşalı həmkarı Vitold Vaşçikovski ilə görüşüb.
XİN-dən Unikal.org-a verilən məlumata görə, görüşdə Azərbaycan və Polşa arasında ikitərəfli münasibətlərin hazırkı durumundan məmnunluq ifadə olunub, müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi yollarına dair fikir mübadiləsi aparılıb. Yüksək səviyyəli qarşılıqlı səfərlərin əməkdaşlığın inkişafına töhfə verdiyi qeyd olunub.
Bildirilib ki, bu il Azərbaycanla Polşa arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi qeyd olunur və bu müddət ərzində tərəflər arasında 35 sənəd imzalanmış və 12 sənəd layihəsi baxılmaqdadır.
Nazirlər iki ölkə arasında əməkdaşlığı inkişaf etdirmək üçün Hökumətlərarası Komissiya və Azərbaycan-Polşa parlamentlərarası dostluq qrupunun fəaliyyətini, eləcə də mütəmadi əsasda keçirilən XİN-lərarası siyasi məsləhətləşmələri təqdir ediblər.
Nazir E.Məmmədyarov Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən nəqliyyat layihələri, xüsusən Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin iqtisadi faydalılığı və gələcək perspektivlərindən söz açdı və Polşanın da bu marşrutların imkanlarından faydalana biləcəyini diqqətə çatdırıb. V.Vaşçikovski ölkəsinin Azərbaycan ilə əməkdaşlığa mühüm əhəmiyyət verdiyini bildirib və adıçəkilən nəqliyyat dəhlizlərinin cəlbedici olduğunu vurğulayıb.
Görüşdə həmçinin, iki ölkə arasında müdafiə sənayesi və dəniz nəqliyyatı sahəsində əməkdaşlığın inkişaf etdirilməsi üçün aidiyyəti nazirlərin qarşılıqlı səfərlərinin təşkil edilməsi və danışıqların aparılması məsələsi müzakirə olunub.
Görüş əsnasında E.Məmmədyarov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesi haqqında həmsöhbətinə məlumat verib və ölkəmizin beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyinə və münaqişənin bu prinsiplər əsasında həllində dəstək nümayiş etdirdiyinə görə, Polşa tərəfinə təşəkkürünü ifadə edib. Nazir bütün münaqişələrə vahid yanaşma və prinsiplərin tətbiq edilməsinin vacibliyini də xüsusi vurğulayıb. Tərəflər iki ölkə arasında birbaşa uçuşların həyata keçirilməsi və turizmin inkişafı məsələlərini nəzərdən keçiriblər. V.Vaşçikovski beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyin vacibliyini qeyd edib.
Nazirlər Azərbaycan və Avropa İttifaqı (Aİ) münasibətlərinə də toxunublar. Azərbaycan Respublikası ilə strateji tərəfdaşlığa dair sazişin hazırlanması üçün Avropa İttifaqı Şurası tərəfindən verilən mandatın təqdir edildiyini deyən E.Məmmədyarov sözügedən sazişin imzalanmasının Azərbaycan və Aİ arasında hərtərəfli tərəfdaşlığın inkişafı üçün mühüm zəmin yaradacağına əminlik ifadə edib.
Görüşdə qarşılıqlı maraq doğuran digər regional və beynəlxalq məsələlər müzakirə edilib. Görüşdən sonra nazirlər birgə mətbuat konfransı keçiriblər.