Ölkə başçısının tapşırıqlarına əsasən ölkədə məcburi köçkün və ehtiyacı olan vətəndaşların problemlərinin həlli ilə bağlı davamlı işlər görülür. Xüsusən də yerli icra orqanları bu istiqamətdə sistemli iş aparırlar.
Qubadlı rayon İcra Hakimiyyəti də bu istiqamətdə davamlı tədbirlər həyata keçirir. Qubadlı rayonunda "2016-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə dair rayon İcra hakimiyyəti başçısının hesabatı olub. Sözügedən hesabatda ötən dövr ərzində gerçəkləşdirilən tədbirlər barədə məlumat verilib."Unikalın məlumatına görə, rayon İcra hakimiyyətinin başçısı Malik İsaqov il ərzində görülmüş işlərlə bağlı məruzə edib. Başçı nitqində qeyd edib ki, beynəlxalq aləmdə mövcud olan gərginlik və böhranlara baxmayaraq respublikamızda 2016-cı ildə bir çox sahələrdə uğurlu nəticələr əldə edilib. Əvvəlki illərdə olduğu kimi, ötən ildə də təhlükəsizliyin vacib amillərindən biri olan ictimai-siyasi sabitlik qorunub saxlanılmış, xalqımızın sülh, əmin-amanlıq şəraitində yaşaması təmin edilib. Düzgün siyasət nəticəsində qeyri-neft sənayesində 5 %, kənd təsərrüfatında 2,6 % artım olmuşdur. Davos Ümumdünya İqtisadi Forumunun hesablamalarına görə Azərbaycan iqtisadiyyatı dünya miqyasında rəqabət qabiliyyətliliyinə görə 3 pillə irəliləyərək 40-cı pillədən 37-ci pilləyə qalxmış, MDB məkanında yenə də birinciliyi saxlayıb.
Rayon İcra hakimiyyətinin başçısı aprel döyüşlərindən danışaraq, həmin döyüşlərdə rayon hərbiçi sakinlərinin də qəhrəmanlıq göstərdiyini, Şükür Həmidovun Milli Qəhrəman adına layiq görülməsini, Mais Bərxudarova isə general- mayor rütbəsinin verilməsini, döyüşlərdə qəhrəmanlıq göstərən sərhədləri qoruyan bütün əsgər və zabitlərimizin hünərinə verilən dəyər kimi qiymətləndirib.
Məruzəçi 2016-ci ildə rayonda məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşması, kommunal problemlərinin həlli istiqamətində işlərin görüldüyünü qeyd edərək bildirib ki, müraciətimiz əsasında Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən Saatlı rayonunda məskunlaşan 2 ailə, Sabirabad rayonunda isə 3 ailə yeni mənzilə təmin edilib, Sumqayıt şəhər 10 saylı Peşə Liseyində 3 ailəyə şəraiti olan mənzillər tikilib. "Şəfa sanatoriyasında və Kimyaçılar qəsəbəsində 2 köçkün ailəsinə də otaqlar verilərək onların mənzil şəraitləri yaxşılaşdırılıb. Rayon İcra hakimiyyəti tərəfindən 47-ci məhəllə və 12-ci mikrorayon ərazisində əvvəllər tikilmiş iki sosial obyektdə qaz sayğacları quraşdırılaraq qazın müntəzəm verilməsi təmin edilib. "Sumqayıt mehmanxanasının və 10 saylı Peşə Liseyinin zirzəmisindəki su təmizlənib, Ələt qəsəbəsində bir ailənin mənzilinə qaz xətti çəkilməsinə köməklik edilib, İnşaatçılar qəsəbəsində 8 saylı yataqxanadakı su problemi aradan qaldırılıb. Bir ailəyə 500 manat dəyərində inşaat materialı, 12 ailəyə isə müxtəlif tikinti materialı verilib. Hesabat ilində 15 ailənin yaşadığı fərdi mənzillərin dam örtükləri, 42-ci məhəllədə bir şəhid ailəsinin mənzili, Türk Liseyinin və "Sumqayıt mehmanxanasının damındakı su novları, Sumqayıt şəhəri, 15-ci məhəllədəki yeddi yataqxanada ümumi istifadə sahələri, 40-cı məhəllədə isə iki binada su və kanalizasiya xətləri təmir olunmuş, "Sumqayıt mehmanxanasında yanğın nəticəsində zərər çəkən bir ailəyə 500 manat, İnşaatçılar qəsəbəsində yaşayan bir şəhid ailəsinin mənzilinin təmiri üçün 150 manat, Çaytumas kənd sakininə isə evinin təmiri üçün 250 manat pul yardımı verilib. "Şəfa sanatoriyasındakı məclis evində və həyətində təmir, abadlıq işləri aparılmış, 10 saylı Texniki Peşə Liseyinin həyətinə 400 m2 asfalt döşənib. İcra hakimiyyəti binasının arxa hissəsi, qazanxana otağı və divara üzlük daş çəkilib,Aşağı Mollu və Çardaqlı tam orta məktəblərinin həyətində təmir və abadlıq işləri görülmüş, 40-cı məhəllədəki 1 və 2 saylı binaların dam örtüklərinin təmiri işləri həyata keçirilib.
Bundan əlavə, hesabat ilində İcra hakimiyyətinin təşəbbüsü ilə məcburi köçkünlərin məskunlaşdığı Ceyranbatan qəsəbəsi, bağlar yaşayış massivində Sumqayıt Regional Elektrik Şəbəkəsi tərəfindən həmin ərazidə bir ədəd yeni transformator quraşdırılıb, Xızı rayonunun Stalçay qəsəbəsində yaşayan köçkünlərimizin elekrtiklə bağlı problemləri aradan qaldırılıb, bir ailəyə 1 ədəd elektrik sayğacı və 150 metr kabel verilərək onun elektriklə bağlı problemi həll edilib.Ötən ildə Sarıqaya ərazisində sanatoriya binasında yanğın zamanı yararsız hala düşmüş bina qısa vaxt ərzində əsaslı təmir edilərək yenidən köçkünlərin istifadəsinə verilib. Rayon İcra hakimiyyəti tərəfindən yanğından zərər çəkən 14 ailənin hər birinə daxili imkanlar hesabına 500 manat, Nazirlər Kabinetinin xətti ilə isə 5 min manat pul köməkliyi edilib.
İcra hakimiyyətindən verilən məlumata görə, 2016-cı ildə əhalinin aztəminatlı hissəsinə rayon İcra hakimiyyətinin daxili imkanları hesabına 113 min 867 manat pul köməkliyi edilib. Ötən ildə rayon İcra hakimiyyəti tərəfindən "Novruz bayramı ilə əlaqədar 420 ailəyə müxtəlif ərzaq yardımı, 400 ailəyə də "Qurban payı verilib. Heydər Əliyev Fondu tərəfindən ünvanlı sosial yardım alan ailələrə verilən ərzaq yardımı da rayondan olan 344 ailəyə çatdırılmışdır. Faşizm üzərində qələbənin 71-ci ildönümü münasibəti ilə 13 müharibə veteranının hər birinə daxili imkanlar hesabına 200 manat pul verilib, 1400 köçkün ailəsinə yataq dəsti və digər sənaye malları paylanıb.Rayonda büdcə vəsaitindən səmərəli istifadə olunması üçün ardıcıl iş aparılıb. Qeyd olunub ki, cari ildə Respublika üzrə cəmi 33 rayon mərkəzi büdcədən dotasiya almayacaq. Bu 33 rayondan biri də Qubadlı rayonudur. Məcburi köçkün rayonları içərisində yalnız bizim rayon özünü maliyyələşdirmə imkanına malikdir. Bu o deməkdir ki, rayonda sahibkarlığın inkişafı istiqamətdə aparılan işlər öz nəticəsini verib. 2016-cı ildə rayonda 7 min 885 nəfər pensiyaçı qeydiyyatda olmuş, Dövlət Sosial Müdafiə Fondunun rayon şöbəsi tərəfindən bütün müavinət və pensiyalar vaxtlı-vaxtında ödənilmişdir. İl ərzində 344 ailənin hər birinə 142,8 manat olmaqla ünvanlı sosial yardım verilmişdir. Hesabat ilində rayonda işsizlik səviyyəsinin aşağı salınması istiqamətində müəyyən işlər görülərək 215 yeni iş yeri yaradılıb.Rayon ümumtəhsil məktəblərindən ali məktəblərə sənəd verən 303 məzundan 184 nəfəri tələbə adını qazanıb. Mərkəzi Xəstəxananın Poliklinika şöbəsi ötən ildə sakinlərə səhiyyə xidmətinin göstərilməsi işini davam etdirmiş, 17 min 966 ambulator xəstə qəbul etmiş, onlar arasında aşkar edilmiş xəstələrdən 206 nəfəri stasionar müalicəyə, 43 nəfər isə sanator-kurort müalicəsinə göndərilmişdir. Qeydiyyatda olan 455 nəfər şəkərli diabeti olan xəstələrə dərmanların vaxtlı-vaxtında verilməsi təmin edilib.
Gənclər və İdman idarəsi əlaqədar təşkilatlarla birgə müxtəlif idman növləri üzrə rayon birincilikləri, gənclərdə hərbi vətənpərvərlik hislərinin güclənməsi, vətənə bağlılıq, pis vərdişlərdən uzaq olmaları məqsədilə bir sıra tədbirlər keçirib. Ötən ildə rayonun 54 idmançısı müxtəlif idman növləri üzrə Azərbaycan birinciliyinin və Respublika turnirlərinin qalibi olmuş, 5 idmançı isə Beynəlxalq yarışlarda birinci yerə layiq görülüb.
Onu da nəzərə çatdıraq ki, icra hakimiyyəti davamlı olara sakinlərin problemləri ilə maraqlanır, onların müraciətlərini qəbul edir.Belə ki, hesabat dövrü İcra hakimiyyətinə 117 yazılı müraciət daxil olub. Yazılı müraciətlərin 30-u tam, 7-si isə qismən həll edilmiş, 10-u əsassız sayılmış, 57-nə müvafiq izahat verilmiş, 6-sı baxılmaq üçün aidiyyatı təşkilatlara göndərilmiş, 6-sının icrası müvafiq Dövlət Proqramında nəzərdə tutulmuş, 1-i isə icraata alınmışdır. Ötən ildə 895 vətəndaş qəbulu həyata keçirilib.Hesabat məruzəsi ətrafında çıxış edən rayon Təhsil şöbəsinin müdiri Fuad Bədəlov, Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Nüslət Əhmədov, Sumqayıt Regional Mədəniyyət və Turizm Şöbəsi Qubadlı rayon nümayəndəsi İlham Əhmədov, Xocahan İnzibati ərazi dairəsi üzrə nümayəndə Bəhruz Sərməsov, Rayon gənclər və İdman idarəsinin rəisi Natiq Abbasov, rayon Məşğulluq Xidmətinin direktoru Cəfər Ağayev və sahibkar Allahverdiyev Rüfət fəaliyyət sahələri üzrə görülən işlər barədə yığıncaq iştirakçılarına məlumat veriblər. Yığıncaq iştirakçılarının fəallığı ilə keçirilən tədbirdə müxtəlif təkliflər səsləndirilib, il ərzində görülmüş işlər qənaətbəxş qiymətləndirilib. İştirakçılar əminliklə qeyd etdilər ki, Prezident İlham Əliyevin Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə qayıdışla bağlı verdiyi Sərəncam yaxın gələcəkdə işğaldan azad edilən Qubadlıya və digər rayonlarımıza da tətbiq ediləcək.
Görünən odur ki, ölkə başçısının tapşırıqlarına əsasən hər bir icra hakimiyyəti də məcburi köçkünlərin problemlərinin həlli ilə bağlı lazımi addımlar atır. Bu da köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması üçün önəmli töhfə sayıla bilər.
Z.Məmmədli