Bakıda daha bir sərnişin avtobus sürücüsü yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq qəza vəziyyəti yaradıb.

Unikal.org-un məlumatına görə, Maştağa-Zabrat yolunda 172 saylı sərnişin avtobusu günorta saatlarında yolda təhlükəli vəziyyət yaradıb. Bu barədə saytımıza sözügedən marşrutda olan sərnişinlər məlumat veriblər.

Sürücü Bilgəhdən Qara Qarayev metrosuna hərəkət edərkən dayanacaqlarda əvvəlcə sərnişinləri tez minib-düşməyə tələsdirib. Daha sonra Maştağa - Zabrat yolunda qəza şəraiti yaradıb. Maştağa körpüsünə yaxın ərazidə sürücü qəza şəraiti yaradaraq avtobusu nişangaha çırpılıb. Hadisə nəticəsində xəsarət alan olmasa da sərnişinlər arasında təşviş yaranıb. Xanım sərnişinlərdən bəzilərinin halı pisləşib və ürəyi gedənlər də olub. Hadisən sonra bütün sərnişinlər avtobusu tərk ediblər.

Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyi İctimai əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Mais Ağayev Unikal.org-a hadisənin tam araşdırılacağını və sürücünün günahı sübuta yetirilərsə daşıyıcı tərəfindən cəzalandırılacağını deyib.

O hadisənin 10 TG 711 nömrəli avtobus sürücü tərəfindən törədildiyini təsdiqləyib: "Biz indi məsələni araşdırarıq. Həmin sürücü mütləq tənbeh olunacaq. Biz həmişə sürücülərə tapşırırıq ki, təhlükəsizlik qaydalarına əməl etsinlər. Qayda pozan sürücüləri isə daşıyıcılar vasitəsilə cəzalandırırıq. Sürücü hələlik xətdə olduğu üçün onunla hər hansı bir danışıq aparılmayıb. Avtobus qaraja qayıtdıqdan sonra araşdırma aparılacağını və günahı sübuta yetirilərsə sürücü xətdən kənarlaşdırılacaq.

Amid