Xəstəxanaya aparılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Unikal.org xəbər verir ki, Kürdəmir rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib. Lent.az-ın məlumatına görə, rayonun Sığırlı kəndində 1941-ci il təvəllüdlü Şövkət Əzizova ehtiyatsızlıqdan sirkə turşusu içib. Xəstəxanaya aparılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Bildirilir ki, zob və şəkər xəstəliyindən əziyyət çəkən 75 yaşlı Ş.Əzizova hər gün soyuducuda saxladığı dərmanlardan qəbul edirmiş. Dünən səhər saatlarında o, soyuducunu açaraq dərman götürmək istəyərkən səhvən sirkə turşusunu qəbul edib. Xəstəlik nəticəsində hətta dadbilmə orqanının funksiyasını itirən qadın sirkə turşusu içdiyinin fərqinə varmayıb.
Bir qədər sonra Ş.Əzizovanın gəlini onun halının pisləşdiyini görüb və yaşlı qadın təcili xəstəxanaya aparılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.