Azərbaycandan bu il Həcc ziyarətinə gedəcək zəvvarlar üçün ziyarət xərcləri ötənilki qiymətlərlə müqayisədə manat ekvivalentində təxminən 500 və 1000 manat baha başa gələcək.
 
Unikal.org-un APA-nın məlumatına görə, Qafqaz Müsəlmanları İdarəsi (QMİ) tərəfindən ziyarət xərclərinin ABŞ dolları ilə hesablanması ilə əlaqədar, dolların ötən ilin eyni dövründəki məzənnəsi ilə hazırkı məzənnəsi arasında baş verən dəyişiklik nəticəsində, zəvvarlar daha artıq xərc çəkməli olacaqlar.
 
Builki VİP ziyarətin xərci 4500 dollardır və bu, indiki məzənnə ilə təxminən 7000 manat edir. Otənilki VİP ziyarət xərci isə 5750 dollar olmasına baxmayaraq, həmin dövrün məzənnəsi ilə (1 USD - 1,05-1,07 AZN) təxminən 6000 manat edirdi. Bu il daha az komfortlu mehmanxanalarda qalmağı nəzərdə tutan ziyarətin xərci 3500 dollardır və bu, indiki məzənnə ilə təxminən 5500 manat edir. Ötən il eyni şərtlərlə ziyarətin xərci isə 4700 dollar idi və bu, müvafiq məzənnə ilə təxminən 5000 manat edirdi.
 
Qeyd edək ki, Azərbaycanda bu gündən etibarən Həcc ziyarəti üçün sənəd qəbulu başlayıb.