Əllərdə qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilməsi məqsədilə daxili işlər orqanları tərəfindən növbəti əməliyyat-axtarış tədbiri həyata keçirilib.
Unikal.org Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə Bərdə rayonu Qaradağlı kəndində yaşayan Babək Nərimanovun evində odlu silah-sursat gizlətməsi barədə əməliyyat məlumatı daxil olub. Baş İdarə əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində B.Nərimanov saxlanılıb. Onun yaşadığı evin zirzəmisinə baxış zamanı oradan "AK-47" markalı avtomat silah, 17 ədəd qumbara, 790 ədəd müxtəlif çaplı patron, 6 ədəd alışdırıcı və 5 ədəd patron darağı aşkar edilərək götürülüb.
Saxlanılan şəxs ifadəsində silah-sursatı bir neçə il bundan əvvəl tapdığını və evində gizlətdiyini etiraf edib.
Qeyd edilən faktla bağlı Baş İdarənin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işləri başlanılıb, zəruri istintaq hərəkətləri, eləcə də əməliyyat-axtarış tədbirləri davam etdirilir.