"Hər halda bütün dəyərlərimizə yüksək qiymət verməli, qorumalıyıq". Bu sözləri Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu deputat Araz Əlizadənin himnimizi təhqir etməsi ilə bağlı məsələyə münasibət bildirərkən deyib.
Unikal.org xəbər verir ki, musavat.com-a danışan Akif Təvəkküloğlu "Milli Məclis cavab verməlidir" çağırışları ilə bağlı isə bildirib:
"Bu məsələ Milli Məclisin deputatlarının öz səlahiyyətindədir, müzakirə edə və ya etməyə də bilərlər. Müəyyən məsələlərlə bağlı onsuz da mətbuatda onlar öz münasibətlərini bildirirlər".
Qeyd edək ki, Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov məsələ ilə bağlı öz sərt mövqeyini bildirib. Teleqraf.com-a açıqlama verən Siyavuş Novruzov: "Dövlət atributları ilə əlaqədar qərar qəbul olunub, onlara toxunmaq olmaz", - deyib.
Xatırladaq ki, bir neçə gün öncə Milli Məclisin deputatı Araz Əlizadənin dövlət himnimiz haqqında səsləndirdiyi aşağılayıcı ifadələr ictimaiyyətdə ciddi etirazlar doğurub. O cümlədən deputatın himnimizi mərsiyə adlandırması deputat həmkarları tərəfindən də tənqidlə qarşılanıb. Araz Əlizadə isə onu tənqid edənləri təhqir edib və hədələyib.