Tovuzda şagirdlərin saçını kəsən məktəb direktorunun müavini işdən azad edilib.
Təhsil Nazirliyinin mətbuat xidmətindən unikal.org-a verilən xəbərə görə, Tovuz rayonu Cəlilli kənd tam orta məktəbinin direktor müavini Zeynəb Həsənova tərəfindən V sinifdə oxuyan bir neçə şagirdin saçının kəsilməsi faktı Tovuz Rayon Təhsil Şöbəsi tərəfindən araşdırılıb. Rayon Təhsil Şöbəsindən verilən məlumata görə, qeyd olunan fakt təsdiqini tapıb. Həmin şagirdlərə saç düzümlərini qaydaya salmaları ilə bağlı bir neçə dəfə xəbərdarlıq edilməsinə baxmayaraq, onlar tapşırığa əməl etməyiblər. Zeynəb Həsənova bununla əlaqədar şagird və valideynlərlə bir daha söhbət etmək əvəzinə, etikadan kənar hərəkətə yol verərək uşaqların saçını kəsib.
Qeyd olunan fakt müəllim-şagird münasibətlərində qeyri-pedaqoji hal kimi qiymətləndirilir və bu hərəkətinə görə Z.Həsənova barəsində qanunvericiliyə uyğun ciddi intizam tənbehi görülərək, o, 01.04.2016-cı il tarixindən tutduğu vəzifədən azad edilib.