"Bayram günü-qızımın 9-cu mərtəbədən düşüb öldüyü gün həmişəki kimi qızlarıma yemək aparmağa getmişdim. Bacısı ilə birlikdə eyni ticarət mərkəzinin müxtəlif mağazalarında işləyirdilər. Baxdım ki, qəşəng bir kofta geyib... Ağ şalvarı göstərib axşam da onu alacağını söylədi. Dedim, nə gözəlsən, dedi sənin qızınam da, gözəl olmalıyam..."
Ailənin dediyinə görə, axşamüstü-işin bitməyinə az qalmış Lamiyə mağazanı ətrafdakılara tapşırıb və 5 dəqiqə sonra gələcəyini deyərək çıxıb. Bir müddət sonra isə Xəyyam Lamiyənin böyük bacısı Nuranəyə zəng edərək onun intihar etmək istədiyini deyib:
"Bir dəfə zəng edib eşitməmişəm, ikinci dəfə açanda dedi "Lamiyə intihar edir, tez gəl!". Hadisə baş verən bina işlədiyimiz ticarət mərkəzinin yaxınlığındadı. Həyətinə çatanda Ramini gördüm, əlləri cibində binanın həyətindən çıxırdı. Ürəyim rahatladı ki, yəqin heç nə olmayıb. Elə binaların üstünə baxa-baxa gedirdim ki, bir də qarşımda bacımın cansız bədənini gördüm. İnanmadım, fikirləşdim ki, yəqin elə-belə bir şey olub. Əlləri isti idi. Müstəntiq deyir ki, o, bir müddət 9-cu mərtəbədən asılı qalıb, amma əllərində heç nə yox idi, dırnağı belə qırılmamışdı. Başımı qaldıranda Xəyyamı gördüm, o tez mənə dedi ki, mən heç nə etməmişəm, Ramin edib. İndi müstəntiqlə danışanda deyirəm, Ramini həyətdən çıxanda gördüm. Deyir "Ola bilməz. O, orada olmayıb, stressdən sən elə hesab edirsən". Sonra da başlayırlar Ramini tərifləməyə. Deyir ki, sənin Raminlə şəxsi-qərəzliyin var".
Mərhumun atası Nəsib Hüseynovun sözlərinə görə isə, qızın səsini ilk eşidən adam binanın mühafizəçisi olub.
Mərhumun atası Nəsib Hüseynov dənizdə işlədiyi üçün hadisə baş verən zaman evdə olmayıb. Dediyinə görə, o qayıdandan 7 gün sonra da ölüm hadisəsiylə maraqlanan olmayıb. 8-ci gün ata özü cinayət işinin qaldırılması üçün prokurorluğa müraciət edib. Çarəsiz qalan Nəsib Hüseynov deyir ki, heç kimdən, heç nə istəmir. Bircə qızının qatillərinin cəza almasından başqa...
"Nə olsun o polis oğludu, dayısı Xırdalan bazarının böyüyüdür. Mənim də arxamda duran dövlətim var. Əvvəl-əvvəl hərə bir şey deyirdi, elə gördük, belə eşitdik. İndi hamını susdurublar, bazara girəndə adamlar məndən gen qaçır ki, birdən kimdənsə, nəsə soruşaram. Qızımın telefonu bir gün sonra bazarın girəcəyindən tapılıb. İçində bir dənə də olsun Raminə aid yazışma, zəng yoxdur. Bilinir ki, silinib atılıb hamısı. İzahatlarında deyiblər ki, qızı çağırdıq, xeyli söhbət etdik, sonra intihar edəcəyini dedi. Xəyyam arxasından qaçıb, amma onu saxlaya bilməyib. Kamera qeydlərinə görə, qızım onların yanına 18:36-da gedib. Elə həmin vaxt Xəyyam Nuranəyə zəng vurub, qızım açmayıb, ikinci dəfə 18:38-də isə telefonu açanda Lamiyənin intihar etmək istədiyini deyib. 18:42-də Nuranə bu kameranın qarşısından keçib və o çatanda artıq qızım yerdə idi. Deyirlər, özünü atıb. Müqavinət göstərdiyi üçün ayaq izləri də divarlarda qalıb, özünü atan adam elə çırpınar? Mən deməyim, özünüz baxın".
Lamiyənin qohumları, bacısı Nuranə onun çox pozitiv, həyat dolu bir qız olduğunu qeyd edirlər. Bacısının uşaqlıqdan bu yana çəkilmiş fotolarını bir-bir göstərən Nuranə onun belə tez həyatdan köçməsini qəbul edə bilmir:
O, mənim kimi deyildi. Həyatı çox sevirdi, pul saxlamışdı ki, anama ad günü hədiyyəsi olaraq filmə aparsın. İncəsənəti çox sevirdi, gözəl əl işləri var, birlikdə nə qədər plan qurmuşduq, inanmıram ki, artıq o, yoxdur..."
Müstəntiq Üzeyir Həmidov "Qafqazinfo"ya açıqlamasında məsələnin araşdırıldığını, hələlik konkret şəxlərin ittiham edilməsinin tez olduğunu bildirib:
"Cinayət işi başlanılıb, araşdırma aparılır. Çalışırıq ki, hər şey obyektiv olsun. Məsələylə bağlı hər hansı bir şərh vermək çox tezdir. Hər iki tərəf dindirilib, vəsatətlər alınıb və yaxın zamanlarda həqiqət üzə çıxacaq".