İlhamə Quliyevanın vəkili Elmira Məmmədova mərhumun köməkçisi Mehriban Hüseynovanın həyat yoldaşının məktubuna münasibət bildirib. 
Vəkilin açıqlamasına görə, Mehriban Hüseynovanın həyat yoldaşının bildirdiyi fikirlər düzgün deyil: "Mehribanın həyat yoldaşı məktubu düzgün yazmayıb. Vüqar Bəkirov Mehribanın cinayət məsələsinə görə deyil, başqa məsələyə görə həbsxanadadır. Onun həyat yoldaşı ağzına gələni yazmasın. Mehriban İlhamə Quliyevanın bütün var-dövlətini ələ keçirmək istəyib. Bu haqda məndə sənəd də var, istintaqa təhvil verəcəm. Həm də yazır ki, Mehribanın üstünə şər atıblar. O, arvadının bişirdiyi mürəbbələrin içində zəhər olduğunu bilirmi? İstintaq hələ davam edir. Çox faktların üstü açılmalıdır. Mən əlimdə olan sübutların hələ ki, heç birini təqdim etməmişəm. Yaxın günlərdə edəcəm". 
E.Məmmədova Mehribanın həyat yoldaşının "onlar məndən 45 min manat təzminat istəklərini və həyat yoldaşımı öldürmək sifarişini məhz telefon vasitəsilə bildiriblər" deməsinə də münasibət bildirib: "Onun həyat yoldaşı 45 min manatın kim tərəfindən verildiyini açıqlamayıb. Guya onlardan 45 min manat istənilib ki, cinayət işi bağlansın. Kim istəyib, bəs hanı səsli qeyd? İndi elə bir dövrdür ki, hər şeyi montaj edirlər. Mehribanın əri 45 mini kimin istədiyini də yazardı. Ondan 45 min manatı kim istəyib? Onun adını açıqlasın və səs yazıları ilə əlaqədər ekspertiza təyin edilsin. Görək pulu istəyən kimdir. Problem deyil. İstintaqı Bakı Şəhər Prokurorluğu aparır". 
Vəkil Orxan Nadirova hədə-qorxu gəlindiyini də vurğulayıb: "Orxana hədə-qorxular gəlirlər. Ölümlə təhdid edirlər. Onun həyatı təhlükədədir. Bu hədələr kimdən gəlir?". 
Qeyd edək ki, Mehriban Hüseynovanın həyat yoldaşı Musavat.com-a məktub göndərib. Məktubda deyilir: "Onlar məndən 45 min manat təzminat istəklərini və həyat yoldaşımı öldürmək sifarişini telefon vasitəsilə bildiriblər. Əminəm ki, istintaq bunları üzə çıxardandan sonra əsl cinayətkarlar da haqlı olaraq öz cəzalarını alacaqlar. Bu işdə əli olanlardan biri Vüqar Bəkirovdur. O, Orxan Nadirovla birlikdə başqa bir cinayət işinə görə artıq həbs olunubdur. İstintaq qurtarandan sonra hər şey bəlli olacaq. İnanıram ki, istintaq bütün qaranlıq məqamlara tam aydınlıq gətirəcək". 

Teleqraf.com