Milli Məclisin üzvünə kommersiya və digər bütün ödənişli fəaliyyətlə məşğul olmaq qadağan olunur.
Unikal.org-un məlumatına görə, bu, yeni hazırlanmış "Azərbaycan Respublikası Milli Məclisi deputatının etik davranış qaydaları haqqında qanun layihəsinin 5-ci (Vəzifələrinin icrası ilə bir araya sığmayan fəaliyyətin qarşısı alınması) maddəsində əksini tapıb.
Təklif olunan maddəyə əsasən, deputat vəzifələrini səmərəli yerinə yetirməyə borcludur və vəzifələrinin icrası ilə bir araya sığmayan sahibkarlıq, kommersiya, başqa ödənişli fəaliyyətlə (elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla) məşğul olmamalıdır. Deputat həyata keçirdiyi və ya nəzərdə tutduğu sahibkarlıq, kommersiya və başqa ödənişli fəaliyyətin qanunvericiliyə uyğun olmaması ilə bağlı qənaətə gələ bilmədiyi halda Milli Məclisin İntizam komissiyasının rəyini öyrənməli və ona uyğun hərəkət etməlidir.
Layihə Milli Məclisin İnsan hüquqları komitəsi ilə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sabah keçiriləcək birgə iclasında müzakirə olunacaq.(apa)