Unikal.org big.az-a istinadən şou əhli arasında dostluq münasibəti haqqında keçirilən sorğunu təqdim edir:
Aparıcı-ifaçı Murad Arif:
"Evinə gedib-gəldiyim, ailəlikcə görüşdüyüm, bütün sirrlərimi açdığım və çətin anlarımda hər zaman yanımda olan bir insan şou əhlində yoxdur. Mehriban ünsiyyət saxladığım, tez-tez mesajlaşdığım, məsləhətləşdiyim adamlar var. Bəstəkar Aygün Səmədzadə, prodüser Murad Dadaşov, müğənnilər Xəyyam Nisanov, Ayaz Qasımov, Tünzalə Ağayeva, Natəvan Həbibi. Ən yaxınlardan isə əməkdar artist Məryam Süleymanova və aparıcı Şəmsəddin Abbasovun adını çəkərdim".
Müğənni Günay İbrahimli:
"Mənim heç bir müğənni dostum yoxdur, indi dost seçimində də diqqətli oluram".
Meyxanaçı Namiq Qaraçuxurlu:
"Müğənnidən dost olmaz, demək doğru deyil. Ancaq mənim müğənni dostum yoxdur və əksəriyyətinin də dostluğuna inanmıram. Keçmiş dostlarımdan mənə pislik etmək istəyənlər çox olub. Hazırda dostluğumda olan insanlar etibarli və sədaqətlidirlər".
Aparıcı Könül Muxtarova:
"Şou əhlindən dost olar, niyə də olmasın? Əksinə onlar bir-birini daha yaxşı başa düşürlər. Yox əgər bir-birlərini özəl problemlərinə görə düşməndirlərsə, onlara qarışmıram. Mənim isə pis münasibətdfə olduğum bir adam yoxdur. Əksinə, mənim xoş günümdəm məni nə qədər çox istədiklərini görə bilərəm. Evimə gəlib gedən isə bir-iki nəfərdir. Onlardan biri də müğənni Samira Allahverdiyevadır. Pislik etmək istəyən bir nəfər oldu, amma onun adını çəkməyəcəyəm. Onu reklam etmək istəmirəm, çünki mətbuata maraqlı insan olmayıb. Onun yerini elə göstərdim ki, it kimi peşman olub. Bütün günü barışmaq üçün elçilər göndərir. Efirdə adını çəkirəm, çunki mənim işimdir.
Müğənni Elvin Abdullayev:
"Müğənni ilə müğənninin arasında dostluq ola bilər. Amma arada səmimiyyət olmayacaq. Çünki arada rəqabət var. Buna da yoldaşlıq desək, daha yaxşı olar. Sənət yoldaşlarım çoxdur, hər adama dost deyə bilmərəm. Məni pis başa düşməsinlər. Xətrini çox istədiyim, mənə əziz olan sənət dostlarım çoxdur. Pislik olubsa da yadımda deyil. Amma öz dostlarımdan pislik görməmişəm. Mən dost seçəndə çox götür-qoy edirəm. Dost dediyim mənə pislik edə bilməz. Şou-biznes deyəndə özümü də daxil edirəm. Bizdən bir-birimizə dost olmaz".
Müğənni Xuraman Şuşalı:
"Merd insanın merd insanla dostluğu tutur. Mən bilirəm ki, başıma hər hansı bir iş gəlsə, müğənni Elnarə Xəlilova, Səidə Sultan yanımda olacaq. Elnur Məmmədov, Natəvan Həbibi ilə gec-gec görüşsək də, dostluq edirəm. Dostu həmişə dar gündə tanımaq olar. Adlarını çəkdiyim insanlar bir şey olan kimi mənim yanımdadırlar. Kim deyirsə müğənnidən dost olmaz, səhv fikirdədir. Nazənin və Nüşabə Ələsgərlinin arasında olan dostluğa heyranam. Dost olanda özünə elə dost tapmalısan ki, o, səni uçuruma yox, zirvəyə qaldırsın. Pis vərdişi olan insanlardan uzaq olmaq lazımdır. Pislik etmək istəyənlər də olub. Amma şou-biznesdən deyil həmin adam. Mən hər adamla münasibətimi qorumağa çalışıram".
Müğənni Yaşar Cəlilov:
"Dostlarım var - Emil Bədəlov, Əbdül Xalid, Niyam Salami. Bu insanlarla 17 ildir dostluq edirəm. Mənə pislik edən dostlarım var. Həmin insanları nəinki dostluğumdan, yaddaşımdan da silmişəm. İndi heç yadıma da düşmür".