Ermənistanın atəşkəsi pozma cəhdləri status-kvonun dəyişməsinin vacibliyini vurğulayan Minsk qrupunun müəyyən maddələrlə status-kvonun dəyişməsinə gətirib çıxaran addımlar atmasını əngəlləyən və danışıqlar prosesinə mənfi təsir göstərən tədbirlər xarakteri alır və onların bu niyyətlərindən xəbər verir. Unikal.org xəbər verir ki, bunu Trend-ə Milli Məclisin vitse-spikeri Bahar Muradova deyib.

Onun sözlərinə görə, ermənilər tərəfindən atəşkəsin pozulması birinci dəfə deyil: "Nəzərə alaq ki, bu, Kəlbəcərin işğal dövrünə təsadüf edir. Bu, ermənilərin həmin tarixi yadımıza salmaq niyyətindən xəbər verir".

B.Muradova bildirib ki, dəfələrlə ölkə prezidentlərinin beynəlxalq tədbirlərdə iştirak etdiyi, ATƏT-in Minsk qrupunun müəyyən səylərinin intensivləşdiyi vaxtlarda Ermənistan tərəfindən belə hadisələr törədilib: "Ermənistan qoşunları təmas xəttində insidentlər törətməklə, atəşkəsi pozmaqla, hətta lokal xarakterli də olsa, çox intensiv əməliyyatlara cəhd etməklə, özlərinin bu siyasətdən əl çəkmədiklərini və daim Azərbaycan tərəfini təzyiq altında saxlamaq istədiklərini göstərirlər. Sonra da bunun nəticələrinə görə məsuluyyəti Azərbaycanın üzərinə atmağa cəhd edirlər.

B.Muradova qeyd edib ki, Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, sutka ərzində atəşkəsin 100-dən artıq pozulması halı baş verib: "Azərbaycan hərbi birləşmələri yalnız onların provokasiya cəhdlərinin qarşısını alıb və onları layiqli cavablandırıb".

Vitse-spiker hesab edir ki, hazırkı proseslərə görə dünya və Ermənistan mətbuatında dərc edilən yanlış yazılar, orada faktların təhrif olunması Ermənistan tərəfinin təcavüzkar siyasətini davam etdirmək niyyətində olmasından, həm də məsuliyyəti Azərbaycanın üzərinə atmaq cəhdindən xəbər verir: "Azərbaycanın müvafiq qurumları, o cümlədən Müdafiə Nazirliyi lazımınca, layiqincə onları cavablandırır. Çünki hətta Ermənistan tərəfdən baş verən itkilərin - insan və hərbi texnika baxımından - məsuliyyəti də yenə Ermənistanın üzərinə düşür. Çünki təmas xətti də Azərbaycanın üzərindən keçir, döyüşlər Azərbaycan ərazisində gedir, Azərbaycanın tərkib hissəsi olan Dağlıq Qarabağ ərazisində və ətrafında gedir. İndi burada təbii bir sual meydana çıxır - Ermənistanın orada nə işi var ki, onlar döyüşlərdə də həlak olurlar? Daha yaxşı olmazmı ki, Minsk qrupu öz imkanlarından, səlahiyyətlərindən istifadə edərək, məsuliyyətini və vəzifələrini yerinə yetirərək Ermənistandan qoşunların ərazini tərk etməsini tələb etsinlər? Belə olacağı təqdirdə hər hansı insidentdən danışmağa və onun günahının kimdə olmasını axtarmağa da ehtiyac olmayacaq".

B.Muradova qeyd edib ki, hazırda baş verən bütün mənfi proseslərlə nəticələnən insidentlərə görə məsuliyyət Ermənistanın üzərinə düşür və bütün bunlar onun təcavüzkar siyasətindən doğur.