Rusiyanın "Layfnyus" telekanalı Azərbaycana qarşı təxribata yol verib.
 
Unikal.org Axar.az-a istinadən xəbər verir ki, Tərtərdən reportaj hazırlayan televiziya rayonun çıxış nöqtəsində rayon əhalisinin toplanması və onların ermənilərin hücumuna görə öz şəxsi avtomobillərində gecələdiyini bildirib. Daha sonra rayon sakinlərindən birindən müsahibə alan telekanal onun sözlərini rus dilinə tamam başqa variantda tərcümə edib. Televiziya rayon sakininin sözlərini ermənilərin hər gün atəş açdığını, guya bu müharibənin onlara lazım olmadığını, bu gecə əhalinin avtomobillərdə gecələmək üçün rayon çıxışına daha çox maşınlarla gələcəyi kimi tərcümə edib.
 
Halbuki telekanala müsahibə verən azərbaycanlı şəxs, kadrlardan da göründüyü kimi, mülki şəxslərdən birinin öldüyünü və onun dəfnindən geri qayıtdıqlarını bildirib. O, çıxışında həmin əraziyə ermənilərdən qaçan əhalinin toplaşdığı haqqında heç bir ifadə işlətmir, əksinə, torpaqlarımızın işğalda olduğunu bildirir. Telekanalın isə sadəcə dayanacaq kimi (daha çox, taksi xidməti göstərənlərin dayandığı dayanacaqdır – red.) istifadə olunan bir ərazini azərbaycanlıların ermənilərdən qaçaraq toplaşdığı məkan kimi verməsi isə çox suallar doğurur.