Bakıda "Mədəniyyətlərarası dialoqun inkişafı: İnsan təhlükəsizliyi, sülh və davamlı inkişaf üçün yeni imkanlar" mövzusunda təşkil olunan IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun bağlanış mərasimi keçirilir.
Unikal.org AzərTac-a istinadən xəbər verir ki, Forum UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Dünya Turizm Təşkilatı, Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, Avropa Şurası, ISESCO-nun tərəfdaşlığı ilə reallaşıb.
Böyük Britaniyanın Koventri Universitetinin İnam, Sülh və Sosial Əlaqələr Mərkəzinin icraçı direktoru, professor Mayk Hardi, UNESCO-nun baş direktoru İrina Bokova və başqaları Forumun əhəmiyyətindən danışıblar.
Çıxışlarda sülh və inkişafa nail olmaq məqsədilə mədəniyyətlərarası anlaşma və mədəni müxtəliflik məsələləri, qloballaşma dövründə mədəniyyətlərin qarşılıqlı təsiri və sintezi, sürətlə dəyişməkdə olan dünyada sivilizasiyalararası əlaqələrin əhəmiyyəti və etnik münaqişələrin qarşısının alınması, turizmin inkişafı və digər məsələlərə toxunulub. Həmçinin mədəni müxtəliflik üçün ictimai dəstəyin göstərilməsinə dair maraqlı təkliflər irəli sürülüb. Mədəniyyətlərarası sistemdə mədəni müxtəlifliyi tanımaq, qoruyub saxlamaqla zənginləşdirmək, eyni zamanda, universal dəyərlərin bölüşdürülməsi ilə inteqrasiyaya doğru getmək əsas məqsədlərdən olduğu bildirilib.
Natiqlər Forum çərçivəsində keçirilən sessiyaların əhəmiyyətindən söz açaraq müzakirə olunan məsələlərin aktuallığından danışıblar.
Bakı Forumunun səciyyəvi cəhətlərindən danışan qonaqlar burada bir çox yeni fikirlərin səsləndiyini xüsusilə qeyd ediblər.