İspan jurnalist Rikardo Markina Montanyananın adı Azərbaycanın "arzuolunmaz şəxslər" siyahısından çıxarılıb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Unikal.org-a verilən məlumata görə, Azərbaycanın Argentinadakı səfirliyindən daxil olan məlumatda Argentina və Latın Amerikası regionunun KİV-də yazılarla çıxış edən ispan jurnalist Rikardo Markina Montanyana Argentinadakı səfirliyimizə məktubla müraciət edərək, adının "Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinə qanunsuz səfər etmiş əcnəbilərin siyahısından çıxarılması xahiş etdiyi bildirilir.

Məktubunda R.Montanyana Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyinə və qanunlarına hörmət etdiyini bildirib. R.Montanyana həmçinin işğal edilmiş ərazilərimizdən hazırladığı reportajda da o ərazilərin Azərbaycana aid olduğunu vurğuladığını qeyd edib.

Səfərlə əlaqədar təəssüfünü ifadə edərək, R.Montanyana Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan ərazilərinə səfərin heç bir halda Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin təşviqinə xidmət etmədiyini bildirib və işğal olunmuş ərazilərə qanunsuz səfərlə əlaqədar Azərbaycan hökuməti və xalqından üzr istədiyini qeyd edib.

R.Montanyanın müraciəti müvafiq qaydada nəzərdən keçirilib və onun adının "Arzuolunmaz şəxslər siyahısından çıxarılmasına dair qərar qəbul edilib.