Azərbaycan Müdafiə Nazirliyi Ermənistan kütləvi informasiya vasitələrində cəbhə xəttində Ermənistanın "Şant televiziya şirkətinin operatorunun bölmələrimiz tərəfindən açılan atəş nəticəsində yaralanması barədə xəbərə münasibət bildirib.

Nazirliyin mətbuat xidmətindən Unikal.org-a verilən məlumatda qeyd olunur ki, Ermənistan hərbi texnikasının kamuflyaj rənginə uyğun maskalanmış, üzərində media və ya hər hansı mülki təşkilata aid heç bir fərqləndirici nişanı olmayan, "Şant televiziyasına məxsus olduğu iddia edilən nəqliyyat vasitəsindən mövqelərimiz istiqamətində açılan atəşə qarşı bölmələrimiz tərəfindən müvafiq cavab tədbirləri görülüb.

"Eyni zamanda onu da bildiririk ki, Silahlı Qüvvələrimiz düşmənin yalnız hərbi güc, vasitə və digər hərbi təyinatlı obyektlərinə qarşı cavab tədbirləri görür", - deyə MN-dən bildirilib.

Qeyd edək ki, Ermənistan KİV-in iddiasına görə, mayın 10-da saat 18 radələrində Dağlıq Qarabağ ərazisində Azərbaycan Ordusunun açdığı atəş nəticəsində "Şant" televiziyasının "Mövqelərdə" proqramının operatoru David Atoyan yaralanıb.