Ermənistan tərəfi "Şant telekanalına məxsus olduğu deyilən maşının təmas xəttində Azərbaycan ordusu tərəfindən atəşə tutulduğu haqda məlumat yayıb. Bildirilib ki, hadisə zamanı "çəkiliş qrupunun operatoru David Atoyan yaralanıb, jurnalist Zakaryan isə son anda xilas olub.

Unikal.org azvision.az-a istinadən xəbər verir ki, məsələyə dərhal Azərbaycanın Müdafiə Nazirliyi reaksiya verib. Nazirlik bəyan edib ki, Ermənistan hərbi texnikasının kamuflyaj rənginə uyğun maskalanmış, üzərində media və ya hər hansı mülki təşkilata aid heç bir fərqləndirici nişanı olmayan, "Şant televiziyasına məxsus olduğu iddia edilən nəqliyyat vasitəsindən mövqelərimiz istiqamətində açılan atəşə qarşı bölmələrimiz tərəfindən müvafiq cavab tədbirləri görülüb.



Müdafiə Nazirliyinin məlumatında qeyd olunduğu kimi, eləcə də erməni mətbuatında yayılan fotodan göründüyü kimi atəşə tutulan maşının üzərində "Şant televiziyasına məxsus olduğunu göstərən hər hansı yazı, işarə olmayıb. Əksinə həmin nəqliyyat vasitəsi hərbi kamuflyaj olunub və düşmənin texnikasından heç nə ilə seçilmir.



Yayılan videoda "çəkiliş qrupunun üzvlərinin hərbi formada, əli silahlı olduğu görünür.

Azərbaycanı Cenevrə konvensiyasını pozmaqda ittiham edən düşmən tərəfi əslində bu görüntüləri yaymaqla özünü biabırçı şəkildə ifşa edir və ssenari müəllifinin naşılığı düşmən cəbhəsindəki bəzi qüsurları üzə çıxarır.

Tutaq ki, "Şantın əməkdaşları təmas xəttinə çəkiliş aparmaq üçün gəliblər. Niyə onlar üzərində "press yazılmış gödəkçə yox, hərbi forma geyiniblər?



Yaxud şüşələri sındırılan maşından çıxan "kalaşnikov avtomatına nə ad vermək olar. Belə çıxır ki, erməni jurnalistlər çəkilişə mikrafon əvəzinə avtomatla gedirlər?

Digər bir məqam: hərbi formalı "çəkiliş qrupu hərbçilərin müşayiəti olmadan Azərbaycan ordusunun bir addımlığına necə gəlib çıxa bilib? Onlara nəzarət edən qurum yoxdurmu?

Çəkilişə silahla gələn "jurnalist



"Şantın əməkdaşları olduğu deyilən şəxslər əslində əli mikrafonlu jurnalist qrupu deyil, əli silahlı kəşfiyyatçılardır.

Araşdırmamız zamanı məlum olub ki, Talış istiqamətində hərəkət edən təxribatçı qrup Ermənistan xüsusi xidmət orqanlarına çalışan "Ermənistan Milli Qvardiyası adlı hərbi təşkilatın üzvləridir. Məxfi fəaliyyətə cəlb olunan təşkilatın rəhbəri "Şantın jurnalisti kimi qələmə verilən Arşak Zakaryandır. David Atoyan da təşkilatın aparıcı simalarından hesab olunur.


(Operator kimi təqdim edilən David Atoyan)

Zakaryanın sosial şəbəkədəki hesabına baxmaq kifayətdir ki, onun jurnalist yox, təxribatçı olduğunu anlayasan.

Ermənistan təhlükəsizlik orqanlarının struktruna çevrilən təşkilat Zaxaryanın rəhbərliyi ilə aprel döyüşlərində də öz təxribatçı funksiyasını yerinə yetirib.

Şəhidlərimizin meyitlərinin fotolarını çəkən və onları təhqirolmuş formada yayan şəxs məhz Zaxaryan və dəstəsidir.



Onun təşkilatı ehtiyata buraxılan zabitlər və keçmiş döyüşçülərdən təşkil olunub. Zaxaryanın rəhbərlik etdiyi təşkilat - "Ermənistan Milli Qvardiyası Ermənistanın təhlükəsizlik orqanlarına çalışır və təlimatları oradan alır.



Onun əsas missiyası informasiya müharibəsində Azərbaycanla bağlı dezinformasiya və təxribat xarakterli məlumatlar, görüntülər yaymaqdır. Adıçəkilən təşkilatın və rəhbərinin jurnalistika ilə heç bir əlaqəsi yoxdur.

Göründüyü kimi "Şant telekanalının "çəkiliş qrupu"nun atəşə məruz qalmasına dair görüntülər Zakaryanın təşkilatının qurduğu uğursuz tamaşadan başqa bir şey deyil.