Mayın 12-dən 22-dək Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunları zamanı Bakı metropolitenində təşkil edilən sosial əhəmiyyətli layihələrdən biri də könüllülərin fəaliyyəti ilə bağlı olacaq. 

Unikal.org-un xəbərinə görə. 2015-ci ildə Bakıda keçirilmiş birinci Avropa Oyunları zamanı da metropolitendə könüllülərin xidmətindən istifadə olunmuşdu. "Bakı Metropoliteni" QSC-nin rəhbərliyi bu uğurlu təcrübəni İslam Oyunları dövründə də tətbiq edəcək.

Metropolitenin Oyunların keçiriləcəyi arenaların, həmçinin şəhər mərkəzinin yaxınlığında yerləşən stansiyalarında fəaliyyət göstərən könüllülər üzərində «Ask me» (tərcüməsi - "Məndən soruş") yazılmış köynəkləri və metropolitenin atributları olan geyimləri ilə diqqət çəkəcəklər.
Əsas məqsəd şəhərimizə təşrif buyurmuş qonaqların, xüsusən də əcnəbilərin metropolitendə koordinasiyalı hərəkətini, idman və sosial-mədəni obyektlərə səmtini rahatlıqla müəyyənləşdirməsini təmin etməkdir. Eyni zamanda, onlar lazım gəldikdə sərnişinləri digər faydalı məlumatlarla təmin edəcək, İslam dünyasının bir parçası olan Azərbaycanın zəngin tarixi-mədəni irsinin təbliği, paytaxtımızdakı idman və mədəniyyət sahələri haqqında maraqlı məlumatlar verəcəklər. Seçim mərhələsində namizədlər arasından 30 nəfər könüllü seçilib. Daha sonra onlarla müvafiq təlimatlandırma işi aparılıb, həmçinin könüllülərin çalışacaqları stansiyalarla tanışlıqları təmin edilib. Onu da əlavə edək ki, könüllülərin əksəriyyəti "Bakı-2015" Avropa Oyunları zamanı könüllü kimi metropolitenlə əməkdaşlıq ediblər. Bütün könüllülər müvafiq ləvazimatlarla, o cümlədən geyim dəsti və yaddaş kitabçaları ilə təmin ediliblər. Növbətçilik cədvəli isə onların təcrübəsinə uyğun müəyyən edilib. Könüllülər stansiyaların giriş-çıxışlarında iki növbəli rejimdə fəaliyyət göstərəcəklər.