İqtidar deputatı Moskvaya danışıqlara göndərdi; Rusiyanın hərbi çevrələrinin və erməni diasporunun təsiri altında olan dairələr Azərbaycana qarşı addımları davam etdirir; parlamentin komissiya sədri Moskvaya elə bir qərar ərəfəsi getdi ki...
Son günlər Rusiya ilə rəsmi Bakı arasında münasibətlərdə gərginlik sezilməkdədir. Doğrudur, bu, hələ ki diplomatik səviyyədə hiss olunmur, Azərbaycan hakimiyyəti həmişəki kimi soyuqqanlılığını saxlamadadır. Kremlin addımlarında Azərbaycan açıq hədəf olmasa da, Rusiya hakimiyyətinin son addımlarının rəsmi Bakıya yönəlməsinin konturlarını gizlətmək də mümkün deyil. Xüsusilə Rusiya vətəndaşlığı olan blogger Aleksandr Lapşinin həbs edilib Bakıda dustaq edilməsindən sonra Kreml sanki hər fürsətdə Azərbaycanı incidəcək addımları bir-bir sıralamaqdadır. Az qala hər gün ya Kremldən, ya Rusiya XİN-dən Lapşin məsələsi ilə bağlı açıqlama verilir və Azərbaycan qanunlarını pozduğu üçün cinayət işi açılan Lapşinin həbsindən narazılıqlarını dilə gətirməkdədirlər. Bu məsələdə Azərbaycanın dövlət başçısı İlham Əliyevin prinsipial mövqeyi həlledici rol oynadığından Rusiya hakimiyyəti də rəsmi Bakının əsəblərinin həssas nöqtələrini yoxlamaqdadır.
Rusiya Ədliyyə Nazirliyinin Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) qeydiyyatının ləğvinə dair gözlənilmədən iddia qaldırması, Ermənistandakı 102-ci hərbi bazasını genişləndirmək qərarı, Qızıl meydandakı qələbə paradında qondarma Dağlıq Qarabağın "bayraqlarının dalğalanması və bubna etiraz edən azərbaycanlıların rus polisi tərəfindən saxlanılması son bir ayda Krem hakimiyyətinin anti-Azərbaycan siyasətinin görünən tərəfləridir. İddialara görə, Rusiya diplomatik kanallarla da təzyiqləri artırıb. Azərbaycan hakimiyyətinin bu təzyiqləri önləmək üçün atdığı düzgün siyasət-Rusiya siyasi çevrələrində tanınmış politoloqları Bakıya dəvət etməsi də iddialara görə, Kreml isteblişmentinin yuxusunu qaçırıb.
Məsələ ondadır ki, Rusiya isteblişmentində hazırda parçalanmlar var. Rusiyanın hərbi çevrələrinin və erməni diasporasının təsiri altında olan dairələr Azərbaycana qarşı addımların əsas hərəkətverici qüvvələridir. Şərti olaraq "Putinçi adlandıra biləcəyimiz dairələr isə Azərbaycanla strateji müttəfiqlik və dostluq münasibətləri istəyirlər. Təsadüfi deyil ki, ötən ay Bakıda səfərdə olan jurnalist Vladimir Solovyev prezident İlham Əliyevlə görüşünün təfərrüatı barədə danışarkən çox maraqlı bir fakta toxunmuşdu. Bakıda olan jurnalist "biz prezident İlham Əliyevlə Rusiya ilə Azərbaycan arasındakı əməkdaşlıqdan danışanda mən dedim ki, Rusiya Azərbaycanı heç vaxt satmaz. O, etiraz etdi və bildirdi ki, Putin heç vaxt satmaz.
Yəni bu fakt daha təsdiq edir ki, Putin və ona sadiq dairələr Azərbaycanla dostluğun, digərləri isə münasibətlərin gərginləşməsi tərəfdarı kimi çıxış edir. Amma Rusiyada 2018-ci il president seçkiləri müzakirələri artıq başlayıb və bu səbəbdən də hakimiyyətdəki qüvvələr arasında "mövqe döyüşləri qızışmaqdadır. Rusiya prezidenti isə tərəfləri ortaq məxrəcə gətirmək, mürəkkəb beynəlxalq siyasi şəraitdə hakimiyyətdə parçalanmaları dərinləşdirməmək üçün açıq savaşdan çəkinir. Bu səbəbdən də Rusiyada anti-Azərbaycan qüvvələrin fəallaşması artmaqdadır və bu proses arzuolunmayan nəticələrə də gətirib çıxara bilər.
Mayın 12-də xəbər yayılıb ki, Rusiya Federasiyası Ali Məhkəməsində Rusiya Ədliyyə Nazirliyinin ÜAK qeydiyyatının ləğvinə dair təxirə salınan iddiasına gələn həftə baxacaq. APA-nın Rusiyadakı mənbələrdən əldə etdiyi məlumata görə isə məhkəmənin ÜAK-ın qeydiyyatının ləğv edilməsi ilə bağlı qərar çıxaracağı gözlənilir.
Yada salaq ki, Ədliyyə Nazirliyi ÜAK-ın fəaliyyətində Rusiya Federasiyasının qanunvericiliyinin pozulduğu iddia edir.
Azərbaycanda ÜAK-ın qeydiyyatının ləğvi ilə bağlı məhkəmə iddiası etiraza səbəb olub. Diaspor təşkilatları, ictimai-siyasi xadimlər, millət vəkilləri bunun iki ölkə arasındakı münasibətlərə mənfi təsir edəcəyini bildiriblər.
Bu məlumat təsdiqlənərsə, iki ölkə arasında gərginlik qaçılmaz olacaq. Çünki Bakıda hələ məhkəmə prosesindən əvvəl də Rusiyanın Azərbaycandakı ictimai birliklərinin də qeydiyyatının ləğv olunması barədə çağırışlar səslənib. Əgər mayın 15-də ÜAK-ın qeydiyyatı ləğv olunarsa, o halda Azərbaycan da belə sərt qərarlara məcbur edilə bilər. Bu isə erməni lobbiçilərinin və Rusiya-Azərbaycan əlaqələrini istəməyən qüvvələrin "dəyirmanına su tökər.
Rəsmi Bakıda yaranmış vəziyyətin fərqindədir və bu səbəbdən də təzyiqləri diplomatik yollarla tənzimlənmək tərəfdarıdır.
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli mayın 12-də Rusiyaya səfərə gedib.
Məlumata görə, Ə. Hüseynli Rusiya Dövlət Dumasında Rusiya-Azərbaycan dostluq qrupunun üzvləri ilə görüş keçirəcək. Görüşdə parlamentlər arasında əlaqələrinin möhkəmləndirilməsi, nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin əhəmiyyəti, qanun yaradıcılığı sahəsində təcrübə və informasiya mübadiləsi ilə bağlı məsələlər müzakirə olunacaq. Səfərin ÜAK-la bağlı gözlənilən məhkəmə ərəfəsində, eləcə də anti-Azərbaycan qüvvələrin fəallaşdığı vaxtda gerçəkləşməsinə təsadüf kimi qiymətləndirmək olmaz. Rəsmi Bakı nəinki Rusiya, düşmən ölkə Ermənistan istisna olmaqla qonşularla münasibətlərdə səmimi və dostluq münasibətlərinə üstünlük verir. YAP-ın üzvü, savadlı hüquqşünas olan Ə.Hüseynovun Moskvaya səfəri Rusiyanın siyasi dairələrini yenidən uyarmaq, bu kimi anti-Azərbaycan addımlarından hər iki ölkənin ziyan görəcəyin xəbərdarlığı etməyə hesablandığı şübhə doğurmur.
Rus icması da məsələ ilə bağlı narahatlığını ifadə edən bəyanat da yayıb.
Görünən budur ki, iki ölkə arasında münasibətlər yenə çətin sınaq qarşısındadır və bu, gələcək münasibətlərin daha çox Rusiyanın verəcəyi qərarlardan asılıdır.