"Hesab edirəm ki, Rusiya Ali Məhkəməsinin qərarı ziyanlı və faydasızdır". Əslində, söhbət Rusiyada yaşayan azərbaycanlıların vətəndaş hüquqlarının pozulmasından gedir".
Unikal.org xəbər verir ki, bu fikirlər Ümumrusiya Azərbaycan Konqresinin prezidenti Fazil Qurbanovun Rusiya Ali Məhkəməsinin təşkilatın ləğvinə dair qərarı ilə əlaqədar yaydığı bəyanatda yer alıb.
"2017-ci il 15 may tarixində Rusiya Federasiyası Ali Məhkəməsi Azərbaycan ən böyük diaspor təşkilatı olan Ümumrusiya Azərbaycan Konqresininnin ləğv edilməsi barədə ağılasığmaz qərar qəbul edib. Fəaliyyət göstərdiyi 16 il ərzində təşkilat Rusiyada vətəndaş sülhü və millətlərarası razılığın gücləndirilməsində, Rusiya və Azərbaycan arasında sosial-iqtisadi və mədəni əməkdaşlığın dərinləşməsində böyük rol oynayıb", - bəyanatda deyilir.
Qeyd olunur ki, Rusiya Ədliyyə Nazirliyi təşkilatın fəaliyyəti ilə bağlı heç bir ittiham irəli sürməyib: "Bu, çox vacibdir! Deməli, Rusiya Ədliyyə Nazirliyi təşkilatın Rusiya ilə Azərbaycan arasında əlaqələrin möhkəmləndirilməsinə yönəlmiş fəaliyyətini, eləcə də azərbaycanlıların Rusiyanın hüquqi sahəsinə inteqrasiyası üzrə əhəmiyyətli işləri dəstəkləyir. Əslində, bütün ittihamlar (əsaslı və əsassız) sırf texniki xarakter daşıyır və təşkilatın uğurla həll etdiyi fundamental məqsədləri ilə üst-üstə düşmür".
"Rusiya Federasiyasında yaşayan bir xalqın, özü də Rusiya xalqı ilə 200 illik zaman kəsiyində eyni tarixi-coğrafi məkanı paylaşan, heç vaxt terror, qanunsuz antidövlət qruplaşmaları yaratmayan azərbaycanlıların ictimai diaspor təşkilatını Rusiyanın xeyrinə görülən böyük və faydalı işlər fonunda sənədləşdirmədəki səhvlərə və xətalara görə ləğv etmək olmaz", - bəyanatda bildirilir.
F.Qurbanov regional və yerli təşkilatların rəhbərlərinə səslənərək onları sakitliyi qorumağa, ekstremist qüvvələrin təxribatlarına uymamağa çağırıb: "Ali Məhkəmənin qərarını qəbul etmirik! Rusiyanın ən ali məhkəmələrinin dəlillərimizə və narahatlığımıza anlayışla yanaşacaqlarına ümidvarıq. Ölkənin ali siyasi rəhbərliyindən və şəxsən Rusiya Prezidenti Vladimir Putindən yaranmış vəziyyətə diqqətlə yanaşmağı xahiş edirəm".