Soros Fondu tərəfindən maliyyələşdirilən "eurasianet.org portalında Joşua Kuçeranın müəllifi olduğu "İslam Oyunlarının açılışı oldu, Azərbaycan müsəlman kimliyi ilə mübarizədə adlı məqalə dərc edilib. Məqalədə Azərbaycanda mövcud olan dini vəziyyət, ölkənin dünyəvilik ənənələri və İslam Həmrəyliyi Oyunları ilə əlaqədar məsələlər təhrif olunub və müəllif guya ölkədə məscidlərin dağıdıldığını iddia edib.
Unikal.org xəbər verir ki, mayın 17-də Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyevin eurasianet.org saytında cavab məqaləsi dərc olunub.
XİN rəsmisi cavab yazısında Joşua Küçeranın məqaləsində Azərbaycanda dini vəziyyətin düzgün əks olunmadığını bildirib və müəllifin yanlış olaraq müsəlman mənsubiyyəti və dünyəvilik anlayışlarını, ölkəmizdəki dini azadlıq və radikalizmə qarşı mübarizəni bir-birinə zidd kontekstdə təqdim etdiyini qeyd edib.
H.Hacıyev bildirib ki, əsrlər boyu Azərbaycanda müsəlmanlar, xristianlar və yəhudilər sülh şəraitində və şərəflə yanaşı yaşayıblar və bu Azərbaycan cəmiyyətinin xarakterik xüsusiyyəti və xalqımızın həyat tərzidir.
Müəllifin Azərbaycanda məscidlərin dağıdılması ilə əlaqədar iddiasına cavab olaraq H.Hacıyev Sovet İttifaqı zamanı ölkəmizdə 17 məscid olduğu halda, 2017-ci ilin əvvəlində ölkədə olan məscidlərin sayının 2166 çatdığını, Cənubi Qafqazın ən böyük Sinaqoqunun Azərbaycanda tikildiyini deyib. Roma Papası Fransisin Azərbaycana səfəri zamanı ölkəmizi dinlər və sivilizasiyalar arasında körpü adlandırdığını qeyd edib.
Müəllifin əsassız iddiasına cavab olaraq, H.Hacıyev Azərbaycanda müsəlman kimliyi və dünyəvilik arasında heç bir ziddiyyətin olmadığını yazaraq, dünyəviliyin Azərbaycanda yalnız konstitusional norma deyil, həyat tərzi olduğunu diqqətə çatdırıb. O əlavə edib ki, Azərbaycanda dünyəvilik dini dəyərlərə dərin hörmətlə müşayiət olunur və Azərbaycanda dünyəviliyi başa düşmək üçün XİX əsrin sonu XX əsrin əvvəli Azərbaycan mütəfəkkirləri və yazıçılarının əsərlərini oxumaq lazımdır.
Radikalizm və ekstremizin bütün dünya, o cümlədən İslam ölkələri üçün ciddi narahatlıq doğuran məsələ olduğunu yazan H.Hacıyev bu kimi ideologiyaların Azərbaycandan da uzaq olmadığını qeyd edib. O, bu qəbildən olan ideologiyaların diqqətdən kənar saxlandığı halda terrorizm üçün münbit şərait yaratdığını yazaraq müəllifin yanlış şəkildə Azərbaycanın radikalizm və terrorizmə qarşı mübarizəsini dini azadlıqların pozulması kimi təqdim etdiyini vurğulayıb. Əlavə edib ki, Azərbaycanda tam şəkildə bütün dini azadlıqlar təmin olunub.
XİN rəsmisi Azərbaycanın uğurlu milli təcrübəsindən çıxış edərək İslam Həmrəylik Oyunlarına ev sahibliyi etməklə radikal ideologiyaların kənarlaşdırılması, məzhəb ayrı-seçkiliyinə son qoyulması və İslam ölkələri gəncləri arasında idmanın kütləviləşdirilməsinə töhfə verdiyini yazıb. Bunun həmçinin artmaqda olan İslamafobiya meyllərinə qarşı effektiv vasitə olduğunu bildirərək İslam Oyunlarının təntənəli açılış mərasiminin İslamın sülh, anlaşma, mədəniyyət, elm, bilik dini olduğunu nümayiş etdirdiyini vurğulayıb.
Çox qısa zaman kəsiyində Azərbaycanın Avropa Oyunları və onun ardınca İslam Oyunlarına ev sahibliyi etməsinin rəmzi məna da daşıdığını yazan XİN rəsmisi bunun Azərbaycanın sivilizasiyalar və dinlərin dialoq mərkəzinə çevrilməsinin daha bir nümunəsi olduğunu vurğulayıb.
H.Hacıyev cavab məqaləsini bu sözlərlə bitirib: "Dünyəvi təfəkkürlü müsəlman kimi İslam Həmrəyliyi Oyunlarının açılış mərasimində iştirak edərək ölkəm Azərbaycanla bir daha fəxr duydum.