Prezident İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100 illik yubileyi haqqında sərəncam imzalayıb.

Unikal.org xəbər verir ki, sərəncama münasibət bildirən Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, hakim Yeni Azərbaycan Partiyasının icra katibinin müavini Siyavuş Novruzov Modern.az-a deyib ki, AXC ilə bağlı istər mərhum eks-prezident Heydər Əliyev, istərsə də hazırki ölkə başçısı İlham Əliyev tərəfindən mütəmadi şəkildə sərəncamlar verilib. Onun sözlərinə görə AXC qurucularının adının əbədiləşdirilməsi ilə bağlı lazımi addımlar atılıb və bu proses indi də davam edir.

Komitə sədri özünü AXC varisi adlandıran müxalifət partiyalarını da tənqid edib. "Azərbaycan Xalq Cümhuriyyəti Azərbaycan xalqının qurduğu dövlətdir. Hansısa 3-5 adamın sonradan özünü bu dövlətin varisi adlandırması gülüş doğurur. Bunlara notariat qaydasında vəkalət verilib ki, AXC-dən sonra onlar olacaq?!

İndi çox insana Əli adı qoyulur. Bununla hamı Həzrəti Əli olmur ki! Və ya deyirik ki, kimsə atasının gözünü çıxartdı ki, ona "Koroğlu desinlər. Hamı isə başladı ona "korun oğlu deməyə.

Bu müxalifət də belədir. Adını Müsavat qoymaqla həminki Cümhuriyyət və ya əvvəlki Müsavat olmur.
Azərbaycan Xalq Cümhuriyyətinin varisi mövcud Azərbaycan dövlətidir. Azərbaycan Xalq Cümhuriyyəti Azərbaycan xalqının sərvətidir. Buna görə də heç kəs, bunu öz adına yaza bilməz. Buna nə mənəvi, nə hüquqi haqqı var.

YAP funksioneri bildirib ki, AXC qurucularının adlarının əbədiləşdirilməsi istiqamətində mühüm addımlar atılacaq.

"İstər rayonlarda, istərsə də, Bakı şəhərində abidə qoyulub. Elmlər Akademiyasının Rəyasət Heyətinin binası qarşısında Xalq Cümhuriyyəti ilə bağlı abidə qoyulub. O cümlədən də, Azərbaycan Xalq Cümhuriyyəti qurucularının adlarının əbədiləşdirilməsi və onlara xatirə kompleksinin yaradılması ilə əlaqədar cənab prezidentin sərəncamı var. Bu sərəncama uyğun olaraq, müsabiqə elan edilib.

Müsabiqələrdə işlənən layihələr hazırlanıb təqdim edildikdən sonra Bakının ən görkəmli yerlərinin birində Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları üçün abidə kompleksi qoyulacaq.

Bakı Dövlət Universitetinə yenidən Məhəmməd Əmin Rəsulzadənin adının verilməsinə gəlincə, Siyavuş Novruzov qeyd edib: "Bilirsiniz ki, bir zamanlar, SSRİ vaxtında ali məktəblərə tarixdə iz qoymuş şəxslərin adı verilirdi. Sonradan isə bu adlar götürüldü və ali məktəblər öz adı ilə adlanmağa başladı. Bu adların götürülməsi ilə bir bərabərlik yarandı. Bu cür daha doğrudur.