Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin müəllifi olduğu "Dağlıq Qarabağ: Məxəzlərdən oxunmuş tarix kitabı (Berg-Karabach. Aus den Quellen erforschte Geschichte ) İsveçrənin "Publishing Partners nəşriyyatı tərəfindən alman dilində çap olunub.

Azərbaycanın İsveçrə Konfederasiyası və Lixtenşteyn Knyazlığındakı səfirliyindən Unikal.org-a verilən məlumata görə, "Publishing Partners nəşriyyatı həmçinin kitabın İsveçrənin müxtəlif kitabxanaları və kitab mağazaları arasında yayılmasını həyata keçirəcək.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi köklərinə həsr edilən kitabda problemin yaranma səbəbləri, bu bölgənin tarixən mövcud olan Azərbaycan dövlətlərinə məxsusluğunu əks etdirən müxtəlif qiymətli mənbələr yer alıb. Əsərdə zəngin tarixi faktlar əsasında mühüm elmi-nəzəri ümumiləşdirmələr aparılmaqla yanaşı, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinə mane olmaq üçün məqsədyönlü şəkildə törədilən süni əngəllərə də münasibət bildirilir. Müəllif çoxsaylı mənbələr və elmi ədəbiyyat əsasında, ilk növbədə, xarici dillərdə və erməni dilində nəşr olunmuş mənbələrdəki faktlara istinad edərək Dağlıq Qarabağın ən qədim dövrlərdən Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğunu sübuta yetirir.

Bu fundamental elmi əsərin alman dilində nəşri oxucu auditoriyasının genişlənməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Kitab Dağlıq Qarabağın tarixinə, münaqişənin başvermə səbəblərinə, onun doğurduğu acı nəticələrə dair obyektiv və səhih məlumatlar əldə etmək istəyən almandilli oxucular üçün dəyərli mənbə rolunu oynayacaq. Bu kitabı İsveçrə ilə yanaşı, Almaniya və Avstriyanın onlayn kitab satışı portallarından da əldə etmək mümkün olacaq.