"Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən casus şəbəkəsinin ifşası ilə bağlı bəyanat verildi. Azərbaycanın daxilində heç bir təhlükə yoxdur, xalq möhtərəm prezidentimizin yanındadır. Prezidentimiz onu sevən xalqa arxalanır. Ancaq Azərbaycan bir çox dövlətlərin, siyasi dairələrin maraq dairəsindədir, şübhəsiz ki, kənardan Azərbaycana böyük təhdidlər var".
 
Unikal.org-un məlumatına görə, bunu Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi Mədət Quliyev deyib.
 
DTX rəisi bildirib ki, Azərbaycan çox təhlükəli bir məkanda, Qərbə Şərqin qovşağında yerləşir: "Təbii ki, kənardan Azərbaycana qarşı hər cür təhdidlər var. Amma onu da deməliyəm ki, bu təhlükəni Müdafiə Nazirliyinin özü aşkarlamışdı, artıq istintaq qrupu fəaliyyət göstərir. Prezidentimiz tərəfindən baş prokuror Zakir Qaralova lazımi tapşırıq verilib, istintaq qrupu araşdırma aparır. Sadəcə, onlar bir günün, beş günün casusları deyil. Bu xəyanətkar şəbəkə 1988-1990-cı illərdən kök atıb. Bu, Müdafiə Nazirliyinin rəhbərliyi, prezidentin tapşırıqlarının düzgün icrasının nəticəsidir ki, bu xəyanətin üstü açılıb. İstintaq məsələyə öz qiymətini verəcək".
 
Qeyd edək ki, bu il mayın 7-də Baş Prokurorluq, Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin yaydığı birgə bəyanatda Ermənistan Silahlı Qüvvələrinin kəşfiyyat və xüsusi xidmət orqanları tərəfindən Müdafiə Nazirliyinin Tərtər rayonu istiqamətində yerləşən bölmələrinə və yaşayış məntəqələrimizə qarşı genişmiqyaslı təxribat fəaliyyətinin həyata keçirilməsinin planlaşdırıldığı barədə əldə edilmiş məlumat əsasında aparılmış tədbirlər nəticəsində bir qrup hərbi qulluqçu və mülki şəxsin Azərbaycanın suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə olaraq, düşmən kəşfiyyatçıları ilə məxfi əməkdaşlığa cəlb edildiyi, müxtəlif vaxtlarda maddi maraqları naminə hərbi sirr təşkil edən məlumatları əldə etməklə düşmən tərəfinə ötürdüyü bildirilib.
 
Toplanmış materiallar əsasında dövlətə xəyanət və digər faktlar üzrə mayın 3-də Hərbi Prokurorluqda Cinayət Məcəlləsinin 274-cü maddəsi ilə cinayət işi başlanıb, hər üç qurumun əməkdaşlarından ibarət birgə istintaq-əməliyyat qrupu yaradılıb və ibtidai istintaq aparılır. Bildirilib ki, istintaq-əməliyyat tədbirləri nəticəsində düşmənin kəşfiyyat və xüsusi xidmət orqanlarının Bakı şəhərində ictimai yerlərdə həyata keçirməyi planlaşdırdıqları təxribat və terror fəaliyyətinin qarşısı alınıb, məxfi əməkdaşlığa cəlb olunmuş bir qrup hərbi qulluqçu və mülki şəxslər cinayət məsuliyyətinə cəlb edilərək barələrində həbs qətimkan tədbiri seçilib.(apa)