Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Gülnarə Muxtarovanın cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Unikal.org xəbər verir ki, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, o, 9 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, ötən ilin martında Qaradağ Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Balakişi Behbudov, Yaqub Qarayev, Kamal Qasımov və digərlərinə qarşı dələduzluq etmiş Bakı şəhər sakini Gülnarə Muxtarova saxlanılıb. Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun ümumilikdə 30 nəfəri aldadaraq onlardan 139 000 manat alması müəyyən edilib. O, həmin şəxslərə Qaradağ rayonu "Ümid qəsəbəsində məcburi köçkünlər üçün tikilən binalardan mənzil verəcəyini deyib. Bu yolla, onların adını siyahıya salmaq üçün külli miqdarda pul alaraq, dələduzluq edib.
G. Muxtarova Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Qaradağ rayon sektorunda Dövlət idarələri və ictimai xidmət işçilərinin Həmkarlar İttifaqının Qaradağ rayon şöbəsinin sədri vəzifəsində çalışıb.