Bu gün Azərbaycan Dillər Universitetinin (ADU) Elmi Şurasının iclası keçirilib.
Unikal.org apa-ya istinadən xəbər verir ki, ADU-nun təhsil fakültəsinin dekanı Fikrət Cahangirov bildirib ki, iclasda Elmi Şuranın iclasında dövlət imtahanı ilə bağlı yekun qərar qəbul olunub. İclasda 2 təklif müzakirə edilib. Bunlardan biri imtahanın bir yazılı və 50 test sualından ibarət olması, digəri isə diplom işi olub.
İclasda qəbul edilən yekun qərara əsasən, ADU-da kadr hazırlığı üzrə ixtisasların xüsusiyyəti və tələbələrin istəyi nəzərə alınaraq, Universitetdə bakalavriat səviyyəsində yekun attestasiyasının ixtisas fənni tərtib olunmuş suallar əsasında imtahan və ya buraxılış işinin müdafiəsi formasında keçirilməsi qərara alınıb. Bununla yanaşı, yekun attestasiyanın uğurla aparılması üçün yay imtahan sessiyasının müddətinin uzadılması məqsədə uyğun hesab edilib.
Elmi Şuranın iclasında 2016/2017-ci tədris ilinin yekunları, yay imtahan sessiyasına hazırlıq məsələləri, alman dili kafedrasının hesabatı, bakalavriat səviyyəsində yekun dövlət attestasiyası, magistr dissertasiyalarının yerinə yetirilməsi vəziyyəti və müdafiəsinin təşkili və digər məsələlər də müzakirə olunub.
Qeyd edək ki, dövlət imtahanı ilə bağlı dəyişiklərin edilməsi ali məktəbdə tələbələrin narazılığına səbəb olub. Ötən gün keçirilən etirazdan sonra təhsil nazirinin müavini Ceyhun Bayramovun rəhbərliyi ilə tələbələr arasında görüş keçirilib. Görüşdə tələbələrin təklifləri dinlənildikdən sonra elmi şuranın iclasında yekun qərarın veriləcəyi bildirilmişdi.