Nazirlər Kabineti "Yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsi məsələləri haqqında" 1999-cu il 6 aprel tarixli 60 nömrəli qərarına dəyişiklik edib. Dəyişikliyə görə, "Nəqliyyat vasitələrinin duracaqları və qarajları haqqında nümunəvi Əsasnamə"nin 1.2-ci bəndinin üçüncü abzasından "və parklanması" sözləri çıxarılıb.

Amma bu dəyişiklik yerli mediada daha qabarıq başlıqlarla və insanlarda çaşqınlıq yaradacaq tərzdə çatdırılıb. Mətbuatda gedən yazılardan belə anlaşılıb ki, artıq qarajlardan istifadəyə qadağa qoyulub. Bu isə tamamilə səhv fikirdir.

Unikal.org xəbər verir ki, mövzu ilə bağlı femida.az-a açıqlama verən ekspert Ərşad Hüseynovbildirib ki, Nazirlər Kabineti öz qərarında sırf texniki dəyişiklik edib.

"Heç bir mahiyyət dəyişikliyi yoxdur. Özü də bu dəyişiklik vaxtilə buraxılmış taftalogiyanı aradan qaldırmaq üçündür. Nazirlər Kabinetinin qərarında əvvəl anlayış belə idi: qaraj - nəqliyyat vasitələrinin durması və parklanması üçün nəzərdə tutulan mühafizə olunan tikilidir.

Bu anlayışda durmaq və parklanmaq eyni mənalı sözlərdir. Çünki Yol hərəkəti haqqında Qanunda parklanmanın anlayışı belədir: parklanma - nəqliyyat vasitəsinin onun üçün xüsusi ayrılmış müvafiq qaydada işarələnmiş yerdə durmasıdır. İdi Nazirlər Kabineti öz qərarındakı artıq sözü (və parklanması) götürüb və qarajın anlayışı belə qalıb: qaraj - nəqliyyat vasitələrinin durması üçün nəzərdə tutulan mühafizə olunan tikilidir. Bununla heç nə dəyişmir, bu dəyişiklik heç nəyi ifadə etmir", deyə ekspert bildirib.