Xəbər verdiyimiz kimi, bu gün prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən General-leytenant Məhərrəm Əliyev Ədliyyə nazirinin müavini təyin edilib.

Unikal.org xəbər verir ki, Ədliyyə Naziri Fikrət Məmmədovun artıq 4 müavini var. 

Həmin müavinlər haqqında məlumatı sizlərə təqdim edirik:

Toğrul Sirac oğlu Musayev 1954-cü ildə Bakı şəhərində anadan olmuşdur.

O, 1978-ci ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini, 1993-cü ildə Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunu bitirmişdir. Universiteti bitirdikdən sonra hüquq fakültəsində müəllim olmuş, Respublika Ali Soveti Rəyasət Heyətinin hüquq şöbəsində böyük məsləhətçi, Azərbaycan Respublikası KP MK İnzibati orqanlar şöbəsində hüquq mühafizə orqanları ilə iş üzrə təlimatçı, Azərbaycan Respublikası Prezidenti İcra Aparatının Dövlət-Hüquq şöbəsində böyük məsləhətçi vəzifələrində işləmişdir. 1995-ci ildə Baş Prokurorluğa rəhbər işə göndərilərək Kollegiya üzvü, Kadrlar idarəsinin rəisi olmuşdur.

2000-ci ilin iyun ayından Azərbaycan Respublikası ədliyyə nazirinin müavini təyin edilmişdir. II dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsindədir.

Azərbaycan Respublikasının əməkdar hüquqşünasıdır, "Vətənə xidmətə görə ordeni, "Ədliyyə sahəsində fərqlənməyə görə" medalı və digər medallarla təltif edilmişdir.

Dövlət başçısının sərəncamlarına əsasən bir sıra beynəlxalq Konvensiyalar üzrə Azərbaycan Hökumətinin hesabatlarının hazırlanması və təqdim edilməsi ilə bağlı ölkəmizin nümayəndə heyətlərində təmsil olunur.

Ədliyyə Nazirliyi Attestasiya Komissiyasının və ədliyyə orqanlarına qulluğa qəbulla bağlı Müsabiqə və İxtisas komissiyalarının sədridir. Azərbaycan Republikasının Ümumdünya Ticarət Təşkilatına üzv olmasına hazırlıq işləri üzrə Komissiya sədrinin müavinidir. O, həmçinin, Avropa Ümumi Hüquq Təşkilatının İdarə Heyətinin və Beynəlxalq Prokurorlar Assosiasiyasının üzvüdür. Ölkəmizin Avropa Şurasının Hakimlərin və prokurorların tədrisi üzrə Lissabon şəbəkəsində nümayəndəsi, mülki hüquq və dövlət quruculuğu sahələrində elmi məqalələrin müəllifidir.

Evlidir, 2 övladı var.

Vilayət Zahirov 1958-ci ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda anadan olmuşdur.

O, 1984-cü ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirmişdir. Universiteti bitirdikdən sonra prokurorluq orqanlarına işə qəbul olunaraq Bakı şəhər prokurorluğunda böyük müstəntiq vəzifəsi üzrə stajor olmuş, Şəki rayon prokurorluğunun böyük müstəntiqi, respublika Baş prokuroru yanında, sonradan respublika prokurorluğu İstintaq idarəsində xüsusilə mühüm işlər üzrə müstəntiq vəzifələrində işləmişdir.

1995-2004-cü illərdə V.Zahirov Şəki rayon və Gəncə şəhər prokuroru vəzifələrində çalışmışdır. 2004-cü ilin iyun ayında Azərbaycan Respublikası ədliyyə nazirinin müavini təyin edilmişdir.

Azərbaycan Respulikasının Konstitusiya dövlət quruluşunun qorunmasında, xüsusi təhlükəli dövləti cinayətlər üzrə istintaqın aparılmasında, qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsi sahəsində xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 1995-ci il tarixli Fərmanı ilə "İgidliyə görə" medal ilə, ədliyyə orqanlarında qulluq keçərkən fərqləndiyinə və cəza-icra siyasətinin həyata keçirilməsində fəal iştirakına görə respublika Prezidentinin 21 noyabr 2008-ci il tarixli Sərəncamı ilə «Vətənə xidmətə görə» ordeninin üçüncü dərəcəsi, 20 noyabr 2015-ci il tarixli Sərəncamı ilə «Vətənə xidmətə görə» ordeninin ikinci dərəcəsi ilə təltif edilmişdir.

Ədliyyə orqanlarında səmərəli fəaliyyətinə görə Ədliyyə Nazirliyi kollegiyasının qərarı və ədliyyə nazirinin 02 yanvar 2008-ci il tarixli əmri ilə Fəxri medalla və nazirliyin Kollegiyasının 24 dekabr 2008-ci il tarixli qərarı ilə «Azərbaycan ədliyyəsinin 90 illiyi» xatirə medalı ilə təltif edilmişdir.

Azərbaycan Respublikasının milli təhlükəsizlik siyasəti sahəsində İşçi Qrupunun, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının və Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının üzvüdür.

II dərəcəli dövlət ədliyyə müşaviri, Azərbaycan Respublikası Prokurorluğunun Fəxri İşçisidir. O, həmçinin Beynəlxalq Prokurorlar Assosiasiyasının üzvü, hüquqi mövzuda bir sıra məqalələrin müəllifidir.

Evlidir, 5 övladı var.

Azər Məmməd oğlu Cəfərov 1954-cü ildə Zərdab şəhərində anadan olmuşdur.

O, Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsini, Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunu bitirmiş, Rusiya Elmlər Akademiyasının Dövlət və hüquq institutunun doktorantı olmuşdur.

Hüquqşunas kimi əmək fəaliyyətinə Vəkillər Kollegiyasının üzvü (vəkil) kimi başlamış, 1982-1986-cı illərdə Ədliyyə Nazirliyinin aparatında böyük məsləhətçi, Məhkəmə orqanları idarəsində şöbə rəisi vəzifələrində işləmişdir.

1986-cı ildə prokurorluq orqanlarına keçirilmiş, Bakı şəhər və respublika prokurorluqlarının cinayət işləri üzrə məhkəmə qərarlarının qanuniliyinə nəzarət şöbələrinin prokuroru, Bakı şəhər prokurorluğunda həmin şöbənin rəisi, 1992-2000-ci illərdə isə Bakı şəhəri Binəqədi və Nərimanov rayonlarının prokuroru, sonra Baş Prokurorluğun hüquqi təminat şöbəsinin rəisi vəzifələrində çalışmışdır.

2004-cü ildə Ədliyyə Nazirliyinin Təşkilat-nəzarət baş idarəsinin rəisi və nazirliyin Kollegiyasının üzvü, 2012-ci ilin iyul ayında ədliyyə nazirinin müavini təyin edilmişdir. II dərəcəli dövlət ədliyyə müşaviridir.

2005-ci ilin fevralından, həmçinin, Məhkəmə-Hüquq Şurasının üzvüdür, Dünya Bankı ilə birgə həyata keçirilən "Ədliyyə sisteminin müasirləşdirilməsi" layihəsinə rəhbərlik edir.

Məhkəmə hakimiyyətinin möhkəmləndirilməsi problemləri üzrə Azərbaycan-Avropa Şurası İşçi qruplarının həmsədri, Avropa Şurasının Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Komissiyasının (CEPEJ) üzvü kimi ölkəmizin məhkəmə sisteminin Avropa standartlarına uyğunlaşdırılması məsələləri ilə məşğul olmuş, müxtəlif vaxtlarda ədliyyə, məhkəmə və prokurorluq orqanlarının fəaliyyətini tənzimləyən və sair qanunvericilik aktlarının hazırlanmasında yaxından iştirak etmişdir.

Beynəlxalq Prokurorlar Assosiasiyasının, Beynəlxalq Antikorrupsiya Orqanları Assosiasiyasının üzvüdür. BMT-nin cinayətkarlığa qarşı mübarizəyə həsr olunmuş 11-ci (2005-ci il) və 12-ci (2010-cu il) konqreslərində Azərbaycan Hökumətinin nümayəndə heyətinin tərkibində ölkəmizi təmsil etmişdir.

Hüquq elmləri doktorudur. "Azərbaycan prokurorluğu: islahatlara qədər və sonra. İslahatların əsasları", "Avropa Şurası demokratik cəmiyyətdə prokurorluğun roluna dair", "Azərbaycan Respublikası prokurorluq orqanlarının islahatı problemləri" və s. nəşrlərin, beynəlxalq və milli qanunvericilik üzrə suallar və cavablar toplusunun, çoxsaylı elmi və publistik məqalələrin müəllifidir.

Azərbaycan Respublikasının əməkdar hüquqşünasıdır, "3-cü dərəcəli Vətənə xidmətə görə" Azərbaycan Respublikasının ordeni, "Dövlət qulluğunda fərqlənməyə görə" Azərbaycan Respublikasının medalı, "Azərbaycan Ədliyyəsinin 90 illiyi" xatirə medalı, Rusiya Vəkillər Gildiyasının "Fayda, şərəf və şöhrət" ordeni, "Prokurorluğun fəxri işçisi" döş nişanı və prokurorluğun fəxri fərmanı ilə təltif edilmişdir.

Evlidir, iki övladı var.

Əliyev Məhərrəm Abış oğlu 1951-ci ilin oktyabrın 20-də Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Maxta kəndində doğulub. 1973-cü ildən Daxili İşlər orqanlarında xidmət edib. 1978-ci ildə Moskva şəhər Orta Xüsusi Milis Məktəbini bitirdikdən sonra şəhər milis İdarəsi 131 saylı milis bölməsinə cinayət işləri üzrə əməliyyat müvəkkili vəzifəsinə təyin edilib.

1980-1992-ci illərdə Bakının rayon polis idarələrində cinayət-axtarış strukturlarında müxtəlif vəzifələrdə xidmət aparıb. 1985-ci ildə SSRİ Daxili İşlər Nazirliyinin Ümumittifaq Qiyabi Hüquq İnstitutunu bitirib. Bakı şəhərinin Nizami, Sabunçu, Xətai, Səbail rayon Polis İdarələrində rəhbər vəzifələrdə çalışıb. 1993-cü ilin noyabrından 2007-ci ilin iyun ayınadək Bakı Şəhər Baş Polis İdarəsinin rəisi olub.

24 dekabr 1998-ci ildə Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə "Azərbaycan bayrağı ordeni ilə, 25 iyun 2013-cü ildə "Vətən uğrunda" medalı ilə, 24 iyun 2014-cü ildə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olunub.

2007-2011-ci illərdə Azərbaycanın Tacikistanda fövqəladə və səlahiyyətli səfiri vəzifəsində çalışıb.

Azərbaycan Respublikası Prezidentinin 30 noyabr 2012-ci il tarixli Sərəncamı ilə Məhərrəm Abış oğlu Əliyev Azərbaycan Respublikası Prezidentinin Müdafiə məsələləri üzrə köməkçisi xidmətinin Müdafiə məsələləri şöbəsinin müdiri vəzifəsinə təyin edilib.

Azərbaycan Respublikası Prezidentinin 30 noyabr 2012-ci il tarixli Sərəncamı ilə general-leytenant hərbi rütbəsi verilməklə həqiqi hərbi xidmətə qəbul edilib.

2017-ci ilin iyun ayının 5-də Məhərrəm Əliyev Ədliyyə nazirinin müavini vəzifəsinə təyin olunub. 


Penitensiar xidmətin rəisiƏdliyyə Nazirinin müavini - Penitensiar xidmətin rəisi, ədliyyə general-mayoru, Ceyhun Əkbər oğlu Həsənov

Penitensiar xidmətin rəisi

Ceyhun Əkbər oğlu Həsənov 05.12.1962-ci il tarixdə Salyan rayonunda anadan olmuşdur.

1981-1983-cü illərdə Silahlı Qüvvələrin sıralarında hərbi xidmət keçmişdir.

1994-cü ildə Azərbaycan Respublikası Daxili işlər Nazirliyinin Polis Akademiyasını bitirmişdir.

1984-2004-cü illərdə daxili işlər orqanlarında müxtəlif məsul və rəhbər vəzifələrdə çalışmışdır.

2004-2016-cı illərdə Daxili İşlər Nazirliyinin Nəqliyyatda Baş Polis idarəsinin rəisi vəzifəsində işləmişdir.

10.06.2016-cı il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirinin müavini - Penitensiar xidmətin rəisi vəzifəsinə təyin olunmuşdur.

Daxili işlər orqanlarında uzun illər ərzində qüsursuz xidmətinə görə Daxili İşlər naziri tərəfindən dəfələrlə müxtəlif təltiflərə layiq görülmüşdür.

Qanunçuluğun qorunmasında, cinayətkarlıqla mübarizədə igidlik və şücaət göstərdiyinə görə Azərbaycan Respublikası Prezidentinin 01.07.2009-cu il tarixli 364 saylı Sərəncamı ilə "İgidliyə görə medalı ilə təltif olunmuşdur.

Ailəlidir, 3 övladı var.