Bu gün "Unikal" qəzetinin, unikal.az saytının yeddi yaşı tamam olur.
 
"Unikal" qəzetinin və unikal.org saytının təsisçisi və baş redaktoru Asəf Rzayev "Ölkə.Az" saytına deyib ki, hər iki media qurumunun inkişafı istiqamətində ötən yeddi il ərzində kifayət qədər işlər görülüb. Onun sözlərinə görə, yeddi il ərzində gedilən yol elə də asan olmayıb:
 
«Bu gün «Unikal»ın Azərbaycan mediasında öz dəsti-xətti var. Yeddi ildir ki, bu yolda durmadan irəliləyirik. Arzu edirik ki, müstəqilliyimiz daimi olsun, "Unikalda yaşasın. Bu gün peşəkar kollektivlə çalışırıq. Demək olar ki, internet mediya çap mediyasını üstələyib. Amma biz qəzetin respublikada abunələrini təşkil etməklə informasiya yükünü tarazlaşdıra bilirik. Çalışırıq ki, qəzetdə yeni layihələr həyata keçirək, oxucuları maraqlandıran məsələlərə toxunaq,onların şikayətlərini araşdıraq və işıqlandıraq. Bu da qəzet oxucusunun artması və ictimaiyyətdə inam qazanılmaı baxımından olduqca vacib amillərdən biridir. Bildiyiniz kimi, cənab Prezidentin sərəncamıyla yaradılan Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondu ilə əməkdaşlığımız da var. Deyərdim ki, KİVDF-nin yaradılması qəzetlərin fəaliyyətində canlanmaya səbəb oldu. Üç ildən çoxdur ki,Unikal qəzeti də KİVDF-dən maliyyələşir və layihə icra edir.
 
Qaldı saytın fəaliyyətinə, Unikal.org son illər elektron medianın inkişaf etdiyi dövrdə öz yerini tutmağı bacarıb. Saytın ictimai rəyə təsir imkanları var. Unikal.org-un yaydığı özəl xəbərlər öz təsdiqini tapır. Bu zamana qədər yayımladığımız xəbərlər təkzib olunmayıb. Qəzetçi üçün bundan qiymətli heç nə yoxdur. Demək olar ki, həm qəzetin, həm də saytın öz oxucu kütləsi var. Hazırda saytın gündəlik 50 min unikal İP-si, 150-200 min baxış sayı olur. Oxucularımızın geniş auditoriyanı əhatə etməsi göz önündədir. Bunu qəzetin və saytın elektron poçtuna gələn müxtəlif məzmunlu müraciətlər də göstərir. Oxuculardan şikayətlərlə yanaşı, fəaliyyətimizin daha da genişləndirilməsi ilə bağlı təkliflər alırıq. Hər bir oxucunun təklifi bizim üçün dəyərlidir. Çünki oxucu varsa, media var. Belə demək mümkündürsə, artıq «Unikal» özünün oxucu ordusunu formalaşdırıb. Qeyd edim ki, "Unikal sosial şəbəkələrdə çox aktivdir. 500 minə yaxın izləyicisi olan qrupumuzda və 100 minə yaxın auditoriyası olan səhifəmizdə gündəlik olaraq paylaşımları icra olunur. Sosial şəbəkədəki aktivliyimiz oxucularımızın əhatə dairəsinin genişlənməsinə səbəb olur. Amma biz bununla kifayətlənmirik. Yeddi yaşımız tamam oldu. Növbəti illərdə oxucu ordumuzun sıralarını genişləndirməkdə davam edəcəyik.