ABŞ-ın Cənubi Koreyada THAAD raket hücumundan müdafiə sistemi yerləşdirməsi nəticəsində Çin ilə Cənubi Koreya arasında yaranmış siyasi narazılıq "Hyundai və "Kia avtomobil şirkətlərinə baha başa gəlib. Belə ki, Koreyanın avtomobil istehsalçı şirkətlərinin Çində birgə satışı may ayında ötən ilin eyni dövrü ilə müqayisədə 65,1 faiz azalıb.
Yonhap agentliyi yazır ki, mayda "Hyundai və "Kia dünyanın ən böyük avtomobil bazarı olan Çində cəmi 52485 avtomobil sata bilib. Yanvar-may aylarında satış isə 43 faiz azalıb. Mütəxəssislər hesab edir ki, əgər Koreya şirkətlərinin Çin bazarında satışları azalmaqda davam edərsə, onlar dünya üzrə cari il üçün müəyyən etdikləri 8,25 milyon avtomobil satışı həddinə çata bilməyəcəklər.
Qeyd edək ki, ABŞ-ın Şimali Koreyanın raket hücumu təhdidlərinə qarşı Cənubi Koreyada quraşdırdığı THAAD sistemi Çinin ciddi narazılığına səbəb olub. Çin THAAD sisteminin əhatə dairəsini əsas götürərək hesab edir ki, bu, təkcə Şimali Koreyaya qarşı yönəlməyib. Rəsmi Pekin ABŞ-ın THAAD-ın radar sistemi vasitəsi ilə Çinin hərbi potensialı barədə kəşfiyyat məlumatları toplamağa cəhd edəcəyini düşünür.