Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 2017/2018-ci tədris ili üçün Azərbaycan Respublikası ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına iyunun 4-də keçirilmiş qəbul imtahanının ikinci mərhələsinin nəticələri açıqlanıb.
Unikal.org-a daxil olan məlumata görə, imtahanda iştirak etmiş bakalavrlar DİM-in internet saytında http://eservices.dim.gov.az/netmag2 keçidinə daxil olaraq imtahan nəticələri və cavab kartının qarfik təsviri ilə tanış ola bilərlər. Bakalavrlar imtahanın nəticələri haqqında məlumatı, həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar) vasitəsilə "iş nömrəsini 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.
İmtahanda 9503 bakalavr iştirak edib. 19 bakalavr isə imtahana gəlməyib. İki mərhələdə keçirilən imtahanın nəticələrinə əsasən maksimum nəticə 146 bal olub.
Müsabiqə şərtlərini ödəyən bakalavrlar iyunun 9-dan 19-dək internet vasitəsi ilə ixtisaslaşma seçimini yerinə yetirməlidirlər. Müsabiqəyə yalnız ixtisaslaşma seçimini edib təsdiqləyən bakalavrlar buraxılacaqlar.