Ekologiya və Təbii Sərvətlər Nazirliyinin keçirdiyi reydlər zamanı Ağstafa rayonu "Yaşıl Göl istirahət mərkəzində 1 qonur ayının, Xaçmaz rayonu "Çənlibel istirahət mərkəzində 2 Dağıstan turunun və Füzuli rayonu "Qarabağ istirahət mərkəzində 2 qonur ayının və 3 ceyranın qanunsuz olaraq təbiətdən götürülərək qeyri - sərbəst şəraitdə qəfəslərdə saxlanıldığı aşkar edilib.
Unikal.org xəbər verir ki, nazirliyin Ətraf Mühitin Mühafizəsi Departamentinin sektor müdiri Raqub Mirzəyevin məsələ ilə bağlı Modern.az-a verdiyi məlumata görə, nazirliyin hər rayonda monitorinq qrupları var: "Qeyd olunan faktlar üzrə sözügedən istirahət mərkəzlərinin sahibləri barəsində prokollar tərtib edilərək hər biri inzibati qaydada 500 manat cərimə edilib. "Yaşıl Göl və "Çənlibel istirahət mərkəzlərindəki heyvanlar götürülərək Altıağac Milli Parkının nəzdindəki Vəhşi Təbiətin Bərpası və Reabilitasiyası Mərkəzinə təhvil verilib. Heyvanlar reabilitasiya müddətindən sonra vəhşi təbiətə qaytarılacaq.
R.Mirzəyev deyib ki, "Fədək İstirahət Zonasının həyətindəki heyvanlarla bağlı müvafiq araşdırma aparılıb: "Məlum olub ki, onların hamısı xaricdən qanunamüvafiq gətirilən quş və heyvanlardır. Onların hər biri gömrük məntəqəsindən keçib və sənədləşdirilib. Zonada Azərbaycan təbiətindən qanunsuz götürülən quş və heyvan yoxdur.
Qeyd edək ki, 2017-ci ilin yanvar-mart ayları ərzində keçirilən reydlər zamanı qanunsuz ovla məşğul olan 65 vətəndaş saxlanılaraq onlardan 61 ov tüfəngi, 147 patron, qanunsuz ovlanmış 11 quş və 4 heyvan götürülüb.
İnzibati xəta törətmiş qanun pozucuları barəsində protokollar tərtib edilərək 56 nəfərə 58136 manat məbləğində inzibati qaydada cərimə və iddia tətbiq olunub, 9 qanun pozucusunun şəxsiyyətinin müəyyənləşdirilməsi üçün aidiyyəti rayon polis orqanlarına müraciət edilib.