İyunun 7-də Tbilisi şəhərində Ümumdünya Gömrük Təşkilatının (ÜGT) İnformasiya Texnologiyaları üzrə konfransı və sərgisi öz işinə başlayıb.
Unikal.org xəbər verir ki, konfrans-sərgidə Azərbaycan Respublikasını Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Aydın Əliyevin rəhbərliyi ilə nümayəndə heyəti təmsil edir.
Konfransı giriş sözü ilə Gürcüstan Respublikası Baş nazirinin müavini, Maliyyə naziri Dmitriy Kumsişvili və Maliyyə nazirinin birinci müavini, Gürcüstan Gəlirlər Xidmətinin rəhbəri Georgi Tabuaşvili açıblar. Açılış mərasimində ÜGT-nin Baş katibi Kunio Mikuriya və Koreya Gömrük Xidmətinin nümayəndəsi Jong-Vuo Lee də nitq söyləyiblər.
40 ölkədən 500-dən çox nümayəndənin iştirak etdiyi konfransda çıxış edən məruzəçilər ÜGT-nin İT Konfransının keçirilməsinin əhəmiyyətindən və gömrük işinin təşkilində informasiya texnologiyalarının rolundan ətraflı bəhs ediblər.
Gürcüstanın Gəlirlər Xidmətinin rəhbəri ölkəsinin gömrük xidməti ilə Azərbaycan gömrük xidməti arasında gömrük prosedurlarının sadələşdirilməsi üzrə həyata keçirilən innovasiya layihələrinin, o cümlədən iki gömrük orqanı arasında ilkin məlumat mübadiləsinin təşkil edilməsi layihəsinin əhəmiyyətini xüsusi vurğulayıb. Məruzəçi, eyni zamanda GUAM çərçivəsində nəqliyyat və ticarətə yardım layihəsi çərçivəsində həyata keçirilən layihələr haqqında da konfrans iştirakçılarını məlumatlandırıb.
Konfrans çərçivəsində Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Aydın Əliyev ilə Gürcüstan Respublikası Baş nazirinin müavini, Maliyyə naziri Dmitriy Kumsişvili arasında ikitərəfli görüş olub. Görüşdə iki ölkə arasında tarixi köklərə dayanan mehriban qonşuluq münasibətlərinin gömrük sahəsində də uğurla davam etdirildiyi bildirilib, qarşılıqlı əməkdaşlıq münasibətlərinin daha da inkişaf etdirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.
DGK sədri Aydın Əliyev Dünya Bankının eksperti, vaxtilə ÜGT-nin potensialın gücləndirilməsi departamentinə rəhbərlik edən Erik Kiek ilə də görüşüb. Görüşdə DGK sədri potensialın gücləndirilməsi sahəsində Azərbaycan Gömrük Xidmətinin gördüyü işlərdən və gələcəkdə bu sahədə atılacaq addımlardan ətraflı bəhs edib. Aydın Əliyev Azərbaycan Gömrük Xidmətinin təşkilatçılığı ilə ötən il respublikamızda keçirilən və bu il təkrar keçirilməsi nəzərdə tutulan dünyanın mötəbər universitetlərində gömrük ixtisası üzrə təhsil alan tələbələr, gömrük sahəsində ixtisaslaşan elm adamları, eləcə də dünyaca məşhur gömrük mütəxəssislərinin iştirak etdiyi "Gənclərin Dialoqu - Beynəlxalq gömrük əməkdaşlığının genişləndirilməsi yolu ilə potensialın artırılması" konfransı barədə də Erik Kiekə məlumat verib və potensialın gücləndirilməsi istiqamətində bu kimi tədbirlərin keçirilməsinin əhəmiyyətini vurğulayıb.
Hazırda Konfrans-Sərgi işini davam etdirir.