İctimai nəqliyyatdan istifadə edən sərnişinlərin rahatlığı və təhlükəsizliyi Bakı Nəqliyyat Agentliyinin (BNA) önəm verdiyi əsas məsələlərdəndir. Müntəzəm sərnişindaşıma fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərə qarşı hər zaman liberal mövqedən çıxış edən Bakı Nəqliyyat Agentliyi qəti şəkildə bəyan edir ki, sərnişinlərin rahatlığı və təhlükəsizliyi mövzusunda heç bir güzəşt ola bilməz.
Unikal.org xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Bakı Nəqliyyat Agentliyinin İctimaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Mais Ağayev bildirib.
Onun sözlərinə görə, bu gün ictimai nəqliyyatda rastlaşdığımız əsas problemlərdən biri də avtobusların sərnişinlə dolu vəziyyətdə yanacaqdoldurma məntəqəsinə girməsidir: "Bununla bağlı Agentliyin "141" çağrı mərkəzinə də kifayət qədər müraciət daxil olur. Həmin müraciətlər əsasında dəfələrlə müntəzəm sərnişindaşıma ilə məşğul olan fiziki və hüquqi şəxslərə xəbərdarlıqlar edilib. Nəticədə, sərnişinlərin təhlükəsizliyi baxımından ciddi qayda pozuntusu hesab edilən belə hala yol verən sürücülər dərhal işdən azad edilib.
Məlumat üçün bildiririk ki, 02.06.2017 tarixində BNA-nın əməkdaşları tərəfindən 24 nömrəli müntəzəm marşrut üzrə fəaliyyət göstərən 90-OE-457 dövlət qeydiyyat nişanlı avtobusun sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olması müəyyən edilib. Fakt dərhal nəzarətə götürülüb və avtobusun sürücüsü Füzuli Yolçıyev və daşıyıcı Agentliyə çağrılıb, sürücünün izahatı alınıb. 08.06.2017 tarixində isə daşıyıcının müvafiq əmri ilə sürücü işində yol verdiyi nöqsanlara görə işdən azad olunub".
Şöbə müdiri qeyd edib ki, avtobus sürücülərinin yanacaqdoldurma məntəqəsinə sərnişinlərlə daxil olması baş verə biləcək bədbəxt hadisə zamanı vətəndaşların xəsarət almasına, həyatlarını itirmələrinə səbəb ola bilər: "Bunu nəzərə alaraq, BNA paytaxtın inzibati ərazisində fəaliyyət göstərən yanacaqdoldurma məntəqələrinin sahiblərinə məktub ünvanlayıb. Tövsiyə edilib ki, yanacaqdoldurma məntəqəsinin məsul şəxsləri də avtobusların sərnişinlə məntəqəyə daxil olmasına icazə verməməlidir".
Xatırladaq ki, "Yol Hərəkəti Haqqında" Azərbaycan Respublikasının Qanununun 56-cı maddəsinə əsasən, ümumi istifadədə olan nəqliyyat vasitələrinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olması qadağandır.