"Haqqımda yayılan məlumatların hamısı yalan, şər-böhtandır. Hər şey hüquq-mühafizə orqanlarının araşdırmasından sonra aydınlaşacaq".
Unikal.org xəbər verir ki, bu sözləri bakupost.az-a Masallının Hüseynhacılı kənd bələdiyyə sədri Rafiq Ağayev sərxoş vəziyyətdə yüngül əxlaqlı qadınla məscidə daxil olması barədə ittihamlara münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, Masallı Rayon Polis Şöbəsində (RPŞ) araşdırma aparılır və şikayətlə bağlı ifadə verib. Bələdiyyə sədri bunun onun düşmənlərinin işinin olduğunu istisna etməyib.
R.Ağayev hazırda vəzifəsinin başında olduğunu bildirib və hansısa bir adamın ondan polisə şikayət etmədiyini söyləyib: "Deyilənlərin hamısı cəfəngiyyatdır. İndi məsələni polis araşdırır. Bu araşdırmadan sonra hər kəs həqiqəti biləcək".
Qeyd edək ki, kənd sakinləri "qafqazinfo"ya göndərdikləri müraciətdə bələdiyyə sədri olan Rafiq Ağayevdən şikayətçi olublar.
Sakinlər bildirir ki, mayın 20-də axşam namazından sonra bələdiyyə sədri Rafiq Əliyev sərxoş vəziyyətdə yanında yüngül əxlaqlı qadınla kəndin məscidində olub:
"O, həmin qadınla birgə Allahın evində pivə içib və onunla əylənib. Kənd sakinləri qadının kimliyini bilsələr də, etik baxımından həmin şəxsin adını müraciətə salmayıblar. Bu hadisəyə isə iki nəfər şahid olub.
Sakinlərin sözlərinə görə, R. Ağayevin cəzalandırılması üçün tərəfimizdən Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinə də müraciət edilib.
Həmin qurumun nümayəndəsinin, kənd ağsaqqallarının, axundlarının və 50-yə yaxın sakinin iştirakı ilə toplantı keçirilib.
Toplantıda şahidlər danışıb və fakt sübuta yetirilib. R. Ağayev də kənd sakinlərinin sorğu-sualı nəticəsində təqsirini etiraf edib. Masallı icra başçısı Rafil Hüseynov da bələdiyyə sədri ilə bağlı yaranmış narazılığı araşdırmaq üçün kəndə baş çəkib.