Bu barədə sosial şəbəkələrdə məlumatlar yayılıb. Bundan başqa, "WhatsApp nömrələrinə və digər vasitələrlə insanlara belə mesajlar yollanır. Mesajda bildirilir ki, Bakıda və Abşeron rayonunda içməli suda təhlükəli virus var. Su vasitəsilə həmin virus insanlar arasında yayılır.
"Bakıda və Abşeronda xəstəxanalar xəstələrlə doludur. İçməli suya nəsə qatılıb. Qaynadılmamış su içməyin. Deyirlər içməli suya kanalizasiya və çirkab suları qatılıb. İnsanlar kütləvi şəkildə virusa yoluxurlar, - deyə məlumatda bildirilir.
Unikal.org xəbər verir ki, məsələ ilə əlaqədar "Azərsu" ASC ilə əlaqə saxlanılıb. Qurumun mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı "Ölkə.Aza bildirdi ki, hadisədən məlumatları var. Onun sözlərinə görə, bu barədə məlumat yayılan kimi Bakı, Sumqayıt, Sulutəpə və digər ərazilərdə evlərdən içməli sudan nümunələr götürülüb.
"Adı çəkilən ünvanlardan içməli sulardan nümunələr götürülüb. Nümunələr analiz olunub. Suyun tərkibi normalara cavab verir. Məsələ həmişə nəzarətdədir. Əməkdaşlarımız mütəmadi olaraq içməli suyun tərkibini yoxlayırlar, - deyə Anar Cəbrayıllı bildirib.
Bakı və Abşeronda xəstəxanalarda naməlum virusla bağlı insanların müalicə almasına gəlincə, məsələyə münasibət öyrənmək üçün Səhiyyə Nazirliyi ilə əlaqə saxladıq. Nazirliyin mətbuat xidmətindən " verilən məlumata görə, təşvişə ehtiyac yoxdur.
"Xəstəxanalarda artım müşahidə olunmayıb. Heç kimdə naməlum virus aşkar edilməyib. Hələlik içməli sudan zəhərlənmə ilə bağlı məlumatlar dəqiq deyil. Ehtimal var, lakin bu barədə panika yaratmaq lazım deyil, -deyə məlumatda bildirilib.
Respublika Gigiena Və Epidemologiya Mərkəzinin direktoru İmran Abdullayev açıqlamasında bildirib ki, son 3 gün ərzində Saray, Masazır, Corat, H.Z.Tağıyev və Ceyranbatan qəsəbələrindən xəstəxanaya müraciət edənlərin sayı 119 nəfərdir. Onun sözlərinə görə, xəstələrdən əksəriyyəti uşaqdır.
"Xəstələrdən 72 nəfəri təkcə Tağıyev qəsəbəsinin sakinləridir. Saray, Masazır, Coratda infeksiyanın sudan düşdüyü ehtimal edilir. Xəstələrin bəzilərinə mədə bağırsaq virus infeksiyası qoyulub. Hazırda bir sıra əməkdaşalarımız uşaqların gətirildiyi ünvanlardan su nümunələri götürür, -deyə İmran Abdullayev bildirib.
Onun sözlərinə görə, hazırda xəstələrin çoxu evə buraxılıblar. Xəstəxanada qalanların da səhhətində elə ciddi problemlər yoxdur.