Azərbaycanda ilk dəfə olaraq, 44 rayonu əhatə edən azkomplektli və qəzalı vəziyyətdəki kənd məktəbləri modul tipli məktəblərlə əvəzlənir.
Təhsil Nazirliyindən Unikal.org-a bildirilib ki, pilot layihə çərçivəsində Göyçay, İsmayıllı və Lənkəranda 3 məktəb quraşdırılaraq, təhvil verilib. 2017/2018-ci illərdə 232 modul tipli məktəbin də quraşdırılması planlaşdırılıb. Bu ilin sonunadək isə 100 məktəb təhvil veriləcək.
Hazırda 25 rayonda 41 məktəbin quraşdırılmasına başlanılıb. Bu məktəblərin üstünlükləri azməsrəfli olması ilə yanaşı, qısa müddətdə istənilən relyefdə quraşdırılması, asan daşınması, şagirdlərin sayına uyğun olaraq sinif otaqlarının rahatlıqla azaldılıb-artırılmasıdır.
Son 13 ildə ölkədə məktəblərin 70 faizi yenidən tikilib və ya əsaslı təmir olunub. 2016/2017-ci tədris ilində ölkə üzrə 29 yeni məktəb, o cümlədən Təhsil Nazirliyinin sifarişi ilə 7 məktəb istifadəyə verilib. 101 məktəbdə əsaslı və 384 məktəbdə təmir işləri aparılıb. 17 təhsil müəssisəsində təmir-tikinti işləri davam edir. 2017/2018- ci tədris ilinə qədər Təhsil Nazirliyinin Əsaslı Tikinti və Təchizat İdarəsinin sifarişi ilə 7 təhsil müəssisəsində təmir-tikinti işlərinin başa çatdırılması nəzərdə tutulub.
Təhsil sferasında maliyyə və inzibati resursların idarə edilməsinin təkmilləşdirilməsi məqsədilə 15 ərazi maliyyə hesablaşma mərkəzi yaradılıb. Yeni mexanizmin tətbiqi regionlarda yerləşən 4.134 təhsil müəssisəsini, o cümlədən 3875 ümumtəhsil və 259 məktəbdənkənar təhsil müəssisəsini və həmin təhsil müəssisələrində çalışan 175 minə yaxın təhsil işçisini əhatə edib.