Rəşid Behbudov adına Mahnı Teatrında 15 iyun Milli Qurtuluş gününə həsr olunmuş tədbir keçirilib.
Unikal.org-un məlumatına görə, tədbiri teatrın direktoru Kazım Qasımov açaraq bildirib ki, xalqın tələbi ilə Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışı Azərbaycan dövlətçiliyini yox olmaq təhlükəsindən qurtardı. Hər bir xalqın milli oyanış, yaddaşa qayıdış, əbədi istiqlaliyyət tarixində unudulmaz anları olur. Ulu öndər Heydər Əliyevin adı ilə bağlı olan 1993-cü il 15 iyun Azərbaycan xalqının mücadilə tarixinə böyük Qayıdış və Qurtuluş nidası ilə həkk olunub. 1990-ci illərdə Azərbaycan müstəqillik əldə etdikdən sonra ölkədə daxili vəziyyət gərginləşdi, hakimiyyət böhranı yarandı. Ölkədə hakimiyyət boşluğu yaranmış, rəhbərliyə yiyələnmək üçün ayrı-ayrı şəxslər və qruplar arasında mübarizə daha da kəskinləşmişdi. 1993-cü ilin yayında Azərbaycan vətəndaş müharibəsi təhlükəsi ilə üz-üzə dayandı. Heydər Əliyev xalqın və respublikanın hakim dairələrinin təkidli dəvətini qəbul etdi, iyunun 9-da Bakıya gəldi. Qısa zaman kəsiyində Azərbaycanda vətəndaş müharibəsinin qarşısını ala bildi. 1993-cü il iyunun 15-də Ulu Öndər Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Beləliklə, 15 iyun tariximizə Milli Qurtuluş Günü kimi daxil oldu. Bu günü Milli Məclis xalqın tələbi ilə 1997-ci ilin iyununda bayram elan etdi.
Tədbirdə YAP "Mahnı Teatrı ilk ərazi təşkilatının sədri Zülfiyyə Mövsümova Milli Qurtuluş günü ilə bağlı ətraflı məruzə ilə çıxış etmiş, Ulu öndər Heydər Əliyevin hakimiyyətdə olduğu dövrdə mədəniyyətimizə, incəsənətimizə göstərdiyi böyük qayğıdan söz açdı. Diqqətə çatdırdı ki, Heydər Əliyev Azərbaycan mədəniyyətinin inkişafında yeni bir dövrün əsasını qoydu. Onun siyasəti nəticəsində mədəniyyətimiz, maddi dəyərlərimiz beynəlxalq aləmdə tanındı. Bu gün ölkə başçısı İlham Əliyev və Birinci vitse prezident Mehriban Əliyeva ümummilli liderin siyasətinə sadiq qalaraq müstəqil ölkəmizi inamla gələcəyə doğru aparır.
Tədbirdə çıxış edən Xalq artisti Gülyanaq Məmmədova Ulu öndərin mədəniyyət xadimlərinə göstərdiyi diqqət və qayğıdan söz açdı. Bildirdi ki, məhz Heydər Əliyev kimi dahi bir şəxsiyyətin sərəncamı ilə əməkdar artist fəxri adına layiq görülməyimlə həmişə fəxr etmişəm.
Teatrın bədii rəhbəri , Əməkdar artist Salman Qəmbərov çıxışında vurğuladı ki, məhz Heydər Əliyevin uzaqgörən siyasətinin nəticəsidir ki, Azərbaycan mədəniyyəti dünya mədəniyyətləri sırasına inteqrasiya etmiş və tanınaraq sevgi qazanmışdır. Heydər Əliyevin siyasi, iqtisadi, ictimai və mədəni həyatın bütün sahələrində yeritdiyi ideyalar artıq Azərbaycanın gerçəkliyinə çevrilib.
Teatrın əməkdaşları və Estrada Simfonik Orkestrin iştirak etdiyi tədbiri direktor Kazım Qasımov yekunlaşdıraraq kollektivi təbrik etmiş işlərində uğurlar arzulayıb.