Dövlət İmtahan Mərkəzi (DİM) 17, 23, 30 iyun tarixlərində bölgələr üzrə ümumi orta (9 illik, II mərhələ) və tam orta (11 illik) təhsil bazasında təhsilalanların yekun qiymətləndirilməsi üçün buraxılış imtahanları keçirəcək.

DİM-dən Unikal.org-a verilən məlumata görə, ümumi təhsil müəssisələrində təhsilalanların yekun attestasiyası ümumi təhsil pilləsinin ümumi orta və tam orta təhsil səviyyələrini başa vuran təhsilalanların təhsildə nailiyyətlərinin qiymətlən­diril­məsi məqsədilə həyata keçirilir.

Qaydalara əsasən ümumi orta təhsil səviyyəsi üzrə dövlət təhsil sənədinə buraxılış imtahanı aparılan hər bir fənn üzrə şagirdin buraxılış sinfinin yekun (illik) qiyməti və buraxılış imtahanının balı yazılacaq. Şagird buraxılış imtahanında ana dili və ya riyaziyyat fənni üzrə 1-ci mərhələdə 30 mümkün baldan 25 bal toplayıbsa, ikinci mərhələdə isə 70 mümkün baldan 60 bal toplayıbsa, hər iki mərhələ üzrə topladığı ballar cəmlənəcək (85 bal) və attestatına yazılacaq. Buraxılış imtahanı aparılmayan hər bir fənn üzrə isə şagirdin buraxılış sinfinin yekun (illik) qiyməti təhsil sənədinə yazılacaq.

Tam orta təhsil səviyyəsində isə təhsil sənədinə buraxılış imtahanı aparılan hər bir fənn üzrə şagirdin buraxılışdan əvvəlki və buraxılış siniflərinin yekun (illik) və buraxılış imtahanının qiymətlərinin ədədi ortası, buraxılış imtahanı aparılmayan hər bir fənn üzrə isə şagirdin buraxılışdan əvvəlki və buraxılış siniflərinin yekun (illik) qiymətlərinin ədədi ortası yazılacaq.

Qeyd olunub ki, V ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə, eləcə də ümumi və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər müsabiqədə buraxılış (əvvəlki illərin məzunları qəbul) imtahanından topladıqları ballara əsasən iştirak edirlər. Orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün ümumi orta təhsil səviyyəsi üzrə Azərbaycan dili (rus dili) və riyaziyyat fənni üzrə birlikdə 200 bal, tam orta təhsil səviyyəsi üzrə isə Azərbaycan dili (rus dili), riyaziyyat və xarici dil (kimya) fənlərindən 90 bal toplamaq mümkündür.

"Ümumi orta (9 illik) səviyyəsi üzrə buraxılış imtahanlarının I mərhələsi 05, 12, 18 mart və 16 aprel tarixlərində keçirilib və şagirdlərin imtahan nəticələri DİM-in saytında yerləşdirilib. Şəffaflığın tam təmin edilməsi üçün iştirakçıların cavab vərəqinin ön və arxa üzünün qrafik təsviri, hər bir açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları da sayta yerləşdirilib. Çox təəssüf ki, nəticələrin elan olunmasından xeyli vaxt keçsə də, iştirakçıların az bir qismi cavab vərəqələri ilə tanış olublar. Belə ki, 05 martda keçirilən imtahanda iştirak edən 40124 şagirddən 13901 nəfəri, 12 martda keçirilən imtahanda iştirak edən 34124 şagirddən 3829 nəfəri, 18 martda keçirilən imtahanda iştirak edən 35012 şagirddən 5879 nəfəri, əvvəlki illərin məzunları üçün 16 apreldə keçirilən imtahanda iştirak edən 6085 iştirakçıdan 654 nəfəri hər iki fənn üzrə cavab vərəqinə baxıb. Müxtəlif səbəblərdən ilk imtahanda iştirak edə bilməyən və eksternat qaydasında imtahanda iştirak edən 803 nəfərdən isə heç biri hər iki fənn üzrə cavab vərəqələrinə baxmayıb. Cavab vərəqələri və qiymətləndirmə meyarlarının sayta yerləşdirilməsində məqsəd ondan ibarətdir ki, hər bir imtahan iştirakçısı öz xətti ilə yazdığı cavabları və meyarları müqayisə edə bilsin və ekspertlər tərəfindən ona verilən qiymətin əsaslı olub-olmadığını müəyyən etsin. Aşağıdakı cədvəldən aydın olur ki, hətta imtahan nəticələri ilə də tanış olmayan abituriyentlərin sayı da kifayət qədərdir. Göründüyü kimi bu vaxta qədər 116148 imtahan iştirakçısından cəmi 81188 nəfəri öz cavabları ilə tanış olub. Abituriyentlərə bir daha tövsiyə olunur ki, imtahan nəticələri ilə diqqətlə tanış olsunlar və növbəti imtahanlara hazırlaşarkən bu nəticələrin təhlilindən səmərəli istifadə etsinlər", - deyə məlumatda bildirilib.

Tarix

İştirakçı sayı

Cavablarına baxıb

Ana dili fənni üzrə cavab vərəqinə baxıb

Riyaziyyat fənni üzrə cavab vərəqinə baxıb

O cümlədən, hər iki fənn üzrə cavab vərəqinə baxıb

5 mart

40124

34939

16278

15459

13901

12 mart

34124

23431

4965

4612

3829

18 mart

35012

20459

7300

6834

5879

16 aprel

(buraxılış)

803

180

68

0

0

16 aprel (kollec)

6085

2179

875

756

654

Cəmi

116148

81188

29486

27661

24263