Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin yenidən qurulması işləri artıq başa çatıb.
Unikal.org xəbər verir ki, "Azərbaycan qəzeti kəndəki son durumla bağlı reportaj və fotosessiya hazırlayıb. Bildirilir ki, artıq Horadizdən Cocuq Mərcanlıya gedən avtomobil yolunun tikintisi başa çatıb. Yeni salınan avtomobil yolu Cocuq Mərcanlı kəndi də daxil olmaqla 7 yaşayış məntəqəsinin - Qazaxlar, Horadiz, Arayatlı, Əhmədbəyli, Qəhrəmanlı və İmamverdili kəndinin sakinlərinin gediş-gəlişini rahatlaşdırıb.
Kəndin daxili küçələri, məhəllələrarası ərazilər də tam asfaltlanıb. Bütün xarici və daxili təbii qaz, elektrik, həmçinin telefon xətlərinin çəkilişi başa çatıb. Küçələrdə gecə işıqlandırma sistemi qurulub.
"23 ildir məcburi köçkünlük həyatı yaşayan çocuq mərcanlılar tam təmirli yeni mənzillərdə yaşayacaqlar. Burada tikilən 50 evdən 20-si ikiotaqlı, 25-i üçotaqlı, 5-i isə dördotaqlıdır.
Sakinlərin ixtiyarına veriləcək təmirli mənzillər mətbəx avadanlıqları, yataq dəstləri ilə təchiz olunub. Mənzillərin qarşısında həyətyanı sahə də mövcuddur.
Prezident İlham Əliyevin göstərişinə əsasən, burada Şuşa məscidinin bənzəri olan yeni Cocuq Mərcanlı məscidi də inşa olunub. 50 sot ərazidə inşa edilən məscidin tikinti sahəsi 556 kvadratmetrdir. Minarələrinin hündürlüyü 26 metr olan məscidin həyətində dəstəmazxana, yuat yeri və qazanxana da inşa edilib.