Mingəçevir şəhərində sakinlərin təşəbbüsü ilə şəhid Şaiq Mustafayevin xatirəsinə çəkilən bulağa altı ay əvvəl sayğac quraşdırılması ilə bağlı yayılan məlumata "Azərsu ASC rəsmi münasibət bildirib.
Səhmdar Cəmiyyətinin mətbuat xidməti və ictimai əlaqələr şöbəsinin rəhbəri Anar Cəbrayıllı Unikal.org-a açıqlamasında deyib ki, son aylar mütəxxəsislər tərəfindən aparılan araşdırma nəticəsində respublika üzrə 3 min bulaq xətti ləğv edilib:
"Sovet dövründən indiyənədək Azərbaycanda bina qarşısında, yol kənarlarında sahibsiz su krantları mövcud olub. Eyni zamanda, "Hacı bulaqları, vətəndaşlar tərəfindən şəhidlərin adına, dünyadan nakam köçmüş insanların xatirəsinə tikilmiş fərdi bulaqlar var idi. Artıq pilot layihə üzrə "Azərsu yeni şəbəkələr qurub. Köhnə şəbəkələr üzərində mövcud olan bulaqlar ləğv edilir. Kimsə istəyirsə, bu bulaqlar fəaliyyət göstərsin, bunu rəsmi şəkildə bizə müraciət etməklə reallaşdıra bilər. Hər hansı bir vətəndaş bulağı adına rəsmləşdirir və aylıq ödənişini etməklə həmin bulaq öz fəaliyyətin göstərir.
A.Cəbrayıllı "Azərsuyun belə bir addım atmasının səbəblərini də izah edib:
"Bu gün ölkəmizdə 9 mindən çox yaşayış binası var. Hər binanın qarşısında 3 sahibsiz krant olarsa, o zaman biz təbii ki, zərərlə işləməli olarıq. Həmçinin, bəzi şəhidin adına açılan bulaqlardan şəxsi evlərə, restoranlara, "moykalara suyun verildiyinin də şahidi olmuşuq. Onlar şəhid bulaqlarının adından istifadə edərək oradan su oğrayıblar. Biz də bu kimi sui-istifadə hallarının qarşısını almaq, itkiləri minimuma endirmək, əhalini vaxtında su ilə təmin etmək üçün bu bulaqların hamısının qeydiyyatını aparırıq. Bu iş o cümlədən Mingəçevirdə də icra olunur. Əgər, şəhid ailəsi istəyirsə, onun övladının adını daşıyan bulaqdan su axsın, bunun üçün bizə müraciət etməli və ora sayağac quraşdırılmalıdır. Suyun dəyərini ödəməklə sözügedən bulaqdan istifadəyə icazə veriləcək. Əks halda bu mümkün deyil.