Balıqları izləmək sadəcə estetik zövq deyil, eyni zamanda üzən canlılara baxmaq sağlamlıq üçün faydalıdır. Balıqların orqanizmə rahatladıcı, sakitləşdirici təsiri şübhəsizdir. Bununla bağlı araşdırma aparan alimlər bu nəticəyə özləri də təəccübləniblər.

Unikal.org-un musavat.com-a istinadən məlumatına görə, Plimut və Ekseter universitetlərindən olan britaniyalı alimlər maraqlı təcrübə keçiriblər. Onlar insanların Milli Dəniz Muzeyini ziyarət etməsindən sonra fiziki və psixi vəziyyətlərinin necə dəyişdiyini izləyiblər. Ziyarətçilərdə ürək ritminin və arterial təzyiqin azalması müşahidə olunub. Onlar özlərini sanki meditasiya seansından çıxmış kimi hiss ediblər. Hər kəsdə əhval-ruhiyyə yüksəlib, insanlar akvarium olan zallardan balıqları heyranlıqla, sakitliklə izləyərək və xoşbəxt halda çıxıblar. Ziyarətçilər nə qədər çox balıq seyr etsələr, özlərini bir o qədər yaxşı hiss ediblər.

Alimlər bu fikrə gəliblər ki, akvarium balıqlarını seyr etmənin insanlara təsir gücündən geniş şəkildə istifadə etmək lazımdır. Artıq bəzi stomatoloji kabinetlərdə, xəstəxanaların qəbul şöbələrində, ticarət mərkəzləri, kinoteatr, restoranlar kimi insanların sıx olduğu məkanlarda akvariumların quraşdırılması kimi praktika mövcuddur. Bəzi psixonevroloji xəstəxanalar var ki, orda akvariumlardan dərman preparatları ilə birlikdə sakitləşdirici vasitə kimi istifadə olunur. Bu metodun geniş tətbiq olunması çox faydalı ola bilər. Bu, böyük şəhərlərdə yaşayan insanlarda stress səviyyəsinin azalmasına və psixi sağlamlığın güclənməsinə öz töhfəsini verər.