Parlamentin qəbul etdiyi və ali məktəblərə qəbul imtahanında müsabiqədən keçə bilməyənlərin bir illik hazırlıq kursları vasitəsilə ali məktəblərə qəbul olunmasını nəzərdə tutan qanun maraqlı məqamı gündəmə gətirib.

Unikal.org "Xəzər Xəbərə istinadən xəbər verir ki, hazırlıq kurslarına cəlb edilən orta məktəb məzunlarının hərbi xidmət məsələsinin necə tənzimlənəcəyi sual altında qalıb.

Milli Məclisin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli hərbi xidmətin ali təhsil almağa mane olmayacağını deyir.

O bildirir ki, ali məktəblərə qəbulun nəticələrinin bəlli olması ilə hazırlıq kurslarının başlanma vaxtı elə tənzimlənəcək ki, hərbi xidmət məsələsinə görə heç kim problem yaşamayacaq.

İsa Həbibbəylinin fikrincə, hazırlıq kursları vasitəsilə ali məktəblərə daxil olmaq Azərbaycan gənclərinə universitetlərin qapılarını daha geniş açır. Bu isə daha çox sayda insanın ali təhsil almasına və cəmiyyətin savadlanmasına xidmət edəcək.