Bu ildən ali məktəblərdə 1 və ya 2 akademik borcu olan oğlan tələbələrin hərbi xidmətlə bağlı yaranan problemləri həll olunacaq.
Unikal.org-un məlumatına görə, Təhsil Nazirliyinin aparat rəhbərinin müavini, Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Yaqub Piriyev bildirib ki, əvvəllər oğlan tələbələrin tədris müddətində akademik borcları qalırdısa, onlar həmin borcu hərbi xidmətdən sonra vermək məcburiyyətində qalırdı.
Onun sözlərinə görə, artıq oğlan tələbələr yeni qaydalara əsasən imtahan sessiyası başa çatandan sonra 1-2 fənn üzrə akademik borcunu ödəyib əsgərliyə gedə biləcəklər: "5 iyula kimi ali məktəblərdə sessiyalar davam edir. Həmin tələbələrə imkan yaradılacaq ki, akademik borclarını ləğv etsinlər. Lakin bu, yalnız 1 və ya 2 akademik borcu olanlara aiddir. Bundan sonra tələbələrə imkan yaradılacaq ki, dövlət imtahanı versin, buraxılış işlərini müdafiə etsin, akademik borclarını ləğv edib hərbi xidmətə yollansın.
Nazirlik rəsmisi qeyd edib ki, bu gün nazirlikdə prorektorların iştirakı ilə iclas keçiriləcək və müvafiq göstəriş veriləcək.
Y. Piriyevin sözlərinə görə, bu gün IV kursu bitirən 2000-ə yaxın tələbə var. Aparılan araşdırmalara görə, ali təhsil müəssisəsini bitirənlərin təxminən 6%-nin 1 və ya 2 akademik borcu var.