Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) iyulun 18-də dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı növbəti dəfə hərrac keçirəcək.

Unikal.org Komitəyə istinadən xəbər verir ki, hərraca 25-i səhmdar cəmiyyəti, 21-i kiçik dövlət müəssisə və obyekti, 73-ü istifadəsiz qeyri-yaşayış sahəsi, 5-i isə nəqliyyat vasitəsi olmaqla ümumilikdə 124 əmlak çıxarılıb.
Hərraca çıxarılan kiçik dövlət müəssisəsi və obyektləri məişət, iaşə, qida, toxuculuq, təmir, sənaye və digər sahələrə aiddir. Bu əmlaklardan 4-ü paytaxtın Sabunçu rayonunda, 17-si isə Gəncə, İmişli, Şirvan, Qazax, Sumqayıt və başqa bölgələrdə yerləşir. Kiçik dövlət müəssisələrinin əksəriyyəti torpaq sahəsi ilə birgə özəlləşdirilməyə çıxarılıb.

Hərracda yüksək start qiyməti ilə seçilən əmlak İmişlidə yerləşən Yardımçı təsərrüfatdır. Adı çəkilən əmlak 375 min manata təklif olunur. Bu əmlakın topaq sahəsi isə 190 min kv.m-ə yaxın, ümumi faydalı sahəsi isə 533,3 kv.m dir.

Bundan başqa Gəncə şəhərində yerləşən Xronika kinoteatrı torpaq sahəsi və ilkin start qiymətinə görə fərqlənir. Beləki, 978 kv.m olan əmlakın ilkin start qiyməti 139,5 min manatdır.

İstifadəsiz qeyri-yaşayış sahələrinin isə biri Gəncədə, 72-si paytaxtda yerləşir. Bu kateqoriyaya aid edilən əmlakların ümumi faydalı sahəsi 7 295 kv.m arasında dəyişir.

Bu dəfəki hərraca çıxarılan səhmdar cəmiyyətləri sənaye, aqrar, nəqliyyat, məişət, inşaat, istehsal, təmir və s. sahələrə aiddir. Hərraca çıxarılan iri müəssisələr sırasında "Salyan broyler, "Qax Taxıl, "Ağdaş Quşçuluq, "Yevlax Yük Avtonəqliyyat, "Salyan Aqrotexservis kimi müəssisələr var. Bu kateqoriyaya aid edilən səhmdar cəmiyyətlərin nizamnamə kapitalı 8 274 - 1 001 294 manat arasında dəyişir.

Hərraca çıxarılan 5 nəqliyyat vasitəsi müxtəlif dövlət qurumlarının balansında olan lakin xidməti istifadədən çıxarılmış nəqliyyat vasitələridir. Hər bir nəqliyyat vasitəsinin fotosu və müvafiq məlumatlar hərrac günündən 1 ay əvvəldən komitənin özəlləşdirmə portalında əks olunur.

Hərraca çıxarılan əmlaklar haqqında ətraflı məlumatı aşağıdakı linkdən əldə etmək mümkündür.

http://www.privatization.az/index.php/az/component/content/article?layout=edit&id=1973