Ölkədə nikaha daxil olmaq istəyənlərin icbari tibbi müayinəsi tətbiq olunduğu dövrdən bu ilin may ayının sonuna qədər 279 383 nəfər müayinədən keçib.
Səhiyyə Nazirliyindən Unikal.org-a verilən məlumata görə, 2015-ci il iyunun 1-dən 2017-cı il mayın 31-dək müayinələrdən keçən şəxslərdən bəzilərində müxtəlif xarakterli infeksiyalar aşkar olunsa da ümumilikdə müayinədən keçən və nikaha daxil olmaq istəyən şəxslərin əksəriyyətinin sağlamlıq durumunun qənaətbəxş olduğu aşkar olunub.
Nazirlikdən bildirilib ki, indiyə qədər müayinədən keçmiş 11 773 nəfərdə talassemiya daşıyıcılığı, 1101 nəfərdə sifilis, 203 nəfərdə isə QİÇS aşkar olunub.
Qeyd edək ki, tibbi müayinə və məsləhətlər nikaha daxil olmaq istəyən şəxslərin və ya onlardan birinin yaşayış yeri üzrə Səhiyyə Nazirliyi tərəfindən müəyyən edilmiş dövlət və bələdiyyə tibb müəssisəsində həyata keçirilir. Tibbi müayinənin keçirilməsi və məsləhətlərin verilməsi pulsuz aparılır.